Avqustun 13-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Azərbaycan Müdafoə Nazirliyi məlumat yayıb.
Türkiyəli qonaqları salamlayan Baş direktor onları ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib, bu cür görüşlərin qardaş ölkə ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Cənab H.Görgün isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin ordularımızın müdafiə qüdrətinin artırılması baxımından faydalı olacağını əminliklə qeyd edib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcı və bu ölkənin aparıcı hərbi sənayə şirkətlərinin rəhbər heyətinin də iştirak etdiyi görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Türkiyə nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə ilə görüşüb. Qonaqlara Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinin yaranma tarixi, icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
İki ölkə arasındakı əlaqələri "Sherg.az"a qiymətləndirən Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen bildirib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə yeni mərhələyə keçdi:
"Şuşa Bəyannaməsi iki ölkə arasında müdafiə sənayesi, hərbi əməkdaşlıq və iqtisadi sahələrdə əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasını nəzərdə tutur.Müdafiə Sənayesi Komitəsinin sədri Prof. Dr. Haluk Görgünün və onu müşayiət edən nümayəndə heyətinin Azərbaycana səfəri bu kontekstdə dəyərləndirilməlidir. Nümayəndə heyətində ASELSAN-ın baş direktoru Əhməd Akyol, TUSAŞ-ın baş direktoru Dr.Mehmet Dəmiroğlu, Roketsan-ın baş direktoru Murat İkinci, HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar, ASFAT-ın baş direktoru Behçet Karataş, Repon Group -un prezidenti İbrahim Külekçi iştirak edirdi. Nümayəndə heyətinin geniş iştirakı yaxın gələcəkdə iki ölkə arasında müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilə biləcəyindən xəbər verir. Türkiyənin milli olaraq hazırladığı Kaan Döyüş Təyyarəsi layihəsində Azərbaycanın iştirakı iki ölkə arasında hərbi əlaqələri daha yüksək səviyyəyə qaldıra bilər. Bu səbəbdən Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin hərbi əlaqələrin inkişafına və son nəticədə Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verəcək. Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi, strateji və hərbi əlaqələr hər iki ölkənin maraqlarına xidmət edən güclü əməkdaşlıq nümunəsini nümayiş etdirir. Bu əməkdaşlıq regional güc balansına mühüm təsir göstərəcək və hər iki ölkənin müdafiə qabiliyyətini, beynəlxalq mövqelərini gücləndirəcək".