Hesablama Palatası tərəfindən 2022-ci il üzrə İş planına uyğun olaraq Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və tabeliyində audit yoxlamaları aparılıb. Bu barədə palata məlumat yayıb. Audit zamanı peşə təhsili müəssisələrinin fəaliyyətinin və tədrisin təşkilinin dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması ilə qarşılıqlı təsiri, həmçinin vəsaitin kadr hazırlığı məqsədilə ayrıldığı nəzərə alınaraq funksional fəaliyyətlə bağlı məsələlərə diqqət yetirilib və dövlət strategiyalarında nəzərdə tutulmuş hədəflərin reallaşmasına təsir edən amillər təhlil olunub.
Müvafiq əmrlərlə publik hüquqi şəxs formasında yaradılan peşə mərkəzlərinə məqsədli vəsaitlərin ödənilməsi ilə bağlı hüquqi aktların tələblərinə əməl edilməyərək dövlət sifarişinə dair müqavilələrin bağlanılması təmin edilməyib, sifariş və hesabat formaları tərtib olunmayıb.
Bu isə, öz növbəsində, dövlət büdcəsindən ayrılmış vəsaitlərin peşə mərkəzləri tərəfindən hüquqi formasına uyğun olmayaraq büdcə təşkilatları ilə analoji şəkildə idarə olunması ilə nəticələnmiş, eyni zamanda, vəsaitlərin istifadəsinə nəzarət mexanizmlərinin tətbiqinə çətinlik yaradıb.
Bir sıra peşə təhsili müəssisələrinin zəruri müvafiq avadanlıqlarla təchiz edilmədiyi və emalatxanalar yaradılmadığı halda, bəzi ixtisaslar üzrə tədrisin təşkil olunduğu müəyyən edilib ki, bu da, öz növbəsində tələbələrin davamiyyət səviyyəsinə təsir göstərib.
Həmçinin Müəllimlərin hüquqi aktların tələblərinə tam əməl edilmədən tədrisə cəlb olunması, əvəzetmə qaydasında tədris olunan dərslərin qeydiyyatının aparılmaması və faktiki olaraq digər şəxslər tərəfindən tədris olunması keyfiyyətli peşə təhsilinin təqdim edilməsi, səriştəli kadrların yetişdirilməsi və əmək bazarına inteqrasiyası ilə bağlı hədəflərin tam və vaxtında reallaşdırılmasına təsir göstərən amil kimi qiymətləndirilib, artıq ştatlar saxlanılmaqla dövlət vəsaitinə əlavə tələbat yaradılıb.
Ölkə rəhbəri tərəfindən Təhsil Nazirliyi nəzdində Peşə Agentliyi yaradıldığını deyən təhsil eksperti Kamran Əsədov "Sherg.az"a bildirib ki, Azərbaycandakı peşə təhsili müəssisələri müasir standartlara cavab vermir:
"Bu agentliyin ən vacib hədəflərindən biri, orta ümumtəhsil mərkəzlərindən məzun olmuş şəxslərin əmək bazarında daha yaxşı işlə təmin edilə bilməsidir. Yəni gənclərin məşğulluq probleminin aradan qalxması istiqamətində Peşə Agentliyi ciddi işlər görməli idi.
Lakin geridə qoyduğumuz altı ilə nəzər saldıqda görürük ki, bu agentliyin fəaliyyəti o qədər də şəffaf deyil. Xüsusən də müasir kurrikulumların və innovativ peşə məktəblərinin yaradılmasında ciddi problemlər ortaya çıxdı. Ümumiyyətlə, Azərbaycanda peşə təhsili haqqında qanun, Peşə Agentliyinin İnkişafı Fondunun yaradılmasına baxmayaraq, bunların heç biri qarşıya qoyulmuş məqsədlərə xidmət etmədi. Həmçinin peşə təhsil müəssisələrinin işə qəbulu prosesində və Peşə Agentliyinin inkişafı üçün ayrılmış vəsaitlərin istifadəsində şəffaflıq müşahidə etmirik. Yəni qarşıya qoyulmuş hədəflərə çatmaq istiqamətdə böyük problemlər mövcuddur. Biz iki il ərzində xüsusən məhsul istehsalı ilə məşğul olan texniki peşə məktəblərindəki problemləri aydın müşahidə etdik. Hesab edirəm ki, araşdırma müvafiq orqanlar tərəfindən daha ədalətli aparılacaq.
Çünki orada ciddi maliyyə yeyintiləri müşahidə edilir. Bu yoxlamaların məntiqi nəticəsini verəcəyini və Azərbaycan peşə təhsilinin inkişafına iki ildir, mane olan müvafiq qurumun rəhbər şəxslərin ciddi şəkildə cəzalanacağını düşünürəm".