13 minə yaxın saxta diplomlu müəllim var -  Xitam verilsin!

  Diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar.
Bu barədə  Elm və Təhsil Nazirliyindən bildirilib.
“Müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də (saxta diplom) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar”, - deyə qeyd edilib.
Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev 15-20 il əvvəl külli miqdarda saxta diplom verən ali məktəblərimizin olduğunu qeyd edib.
  
Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, saxta diplomlu müəllimlər Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaranmazdan əvvəlki dövrdə, müəllimlərin işə qəbulu prosesinə qədər hər zaman olub. Onlar diplomlarını müəyyən üsullarla alıb. Onların bir çoxu hazırda təhsil ocaqlarında müəllim kimi fəaliyyət göstərirlər: 

"Mənim fikrimcə, bu müəllimlərin işlərinə birbaşa olaraq xitam verilməyi ən düzgün addım olardı. Ancaq təəssüflər olsun ki, biz onları birbaşa uzaqlaşdıra bilmirik. Bu səbəbdən düşünürəm ki, onların məhz bu sertifikatlaşdırma proseslərinə cəlb edilməsi bu problemi müəyyən qədər də olsa aradan qaldıra biləcək. Sertifikatlaşdırma imtahanında uğurlu nəticə etmiş müəllimlər öz fəaliyyətlərinə davam etmək haqqı qazanacaqlar. İmtahanlarda uğursuz nəticə əldə etmiş şəxslərin isə əmək müqavilələrinə xitam veriləcək”.   Ekspert vurğulayıb ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə 40, 50 min müraciət olunur, ancaq cəmi səkkiz-doqquz min vakansiya mövcud olur: "Saxta diplomlu şəxsləri sıradan çıxararaq vakant yerlərin sayını on iki, on üç minə və hətta ondan da yüksək bir rəqəmə çıxarmaq olar. Yekunda yeni kadrların işə qəbulundakı sayın artmasının şahidi olarıq.

  Doğrudur, hazırda bəzi müəllimlərin diplomlarının saxta olduğunu sübuta yetirmək mümkünsüzdür. Çünki saxta diplomların verildiyi bir dövrdə diplomların saxtalığını yoxlayan hər hansı bir qrum yox idi. İndi isə artıq belə bir qrum mövcuddur. Əgər diplomun saxta olduğu bu qurum tərəfindən təsdiqlənərsə, o zaman həmin şəxslər Müəllimlərin İşə Qəbulu imtahanında iştirakdan məhrum edilir. Ümid edirəm ki, bu sertifikasiya əvvəlki dövrlərdə saxta diplom əldə etmiş şəxslərin sıradan çıxarılması ilə nəticələnəcək”.

Kərimli Nihat