"Bu il birinci ixtisas qrupu üzrə ali məktəblərə sənəd verən abituriyentlərin şansı keçən illə müqayisədə daha çoxdur".
Bunu "Sherg.az"a təhsil eksperti Kamran Əsədov dünən keçirilmiş I qrupun qəbul imtahanlarında abituriyentin telefon keçirmə cəhdindən danışarkən deyib. Onun sözlərinə görə cari il birinci ixtisas qrupunda olan yerlərin sayı hədsiz çox, abituriyentlərin sayı isə azdır:
"Hətta minimum keçid balını (200) toplayan abituriyentlərin universitetlərə qəbul olma şansları 100 faizdir. Amma buna baxmayaraq, bəzi abituriyentlər öz biliklərinə inanmırlar. Köməkçi vasitələrə üz tuturlar. Bu gün şagirdlərimizin özgüvəninin aşağı olmasının səbəbi Elm və Təhsil Nazirliyinə bilavasitə bağlıdır. Çünki uşaqlar bəzi insanların çox rahatlıqla, dost-tanış hesabına vəzifəyə gəldiyini görürlər. Düşünürlər ki, onlar da imtahanda kənar vasitələrlə uğur əldə edə biləcəklər. Lakin Azərbaycanda uzun müddətdir, Dövlət İmtahanı Mərkəzinin (DİM) şəffaf, obyektiv, əlçatan imtahan keçirdiyini unudurlar. DİM-in reallaşdırdığı imtahan prosesi çox ciddi şəkildə təşkil olunur".
Ekspertin qənaətincə, son 3 ildir, orta ümumtəhsil məktəblərində təhsil mühiti məhv olub:
"Artıq uşaqlar dərs prosesində nəsə öyrənmirlər. Son 3 il ərzində şagirdlərin qəbul imtahanlarına daha çox köməkçi vasitələr (kəsici, deşici alətlər) apardıqlarını müşahidə edirik. Bu da 3 il müddətində orta ümumtəhsil məktəblərinin idarə olunması, tədrisin təşkili, qiymətləndirməsi ilə bağlı vəziyyətin xoşagəlməz olması ilə bilavasitə bağlıdır".
Qeyd edək ki, dünən keçirilmiş I qrupun qəbul imtahanlarında abituriyentin telefon keçirmə cəhdi görənləri təəccübləndirib. Bu barədə Azərbaycan Universitetləri feysbuk səhifəsi məlumat yayıb.