Ötən gün həmkarımız Vüsal Məmmədov öz sosial media hesabında bildirmişdi ki, övladı Bakı Avropa Liseyinin 1-ci sinifə qəbul imtahanından kəsilib. Həmçinin tənqid etmişdi ki, imtahanda “İnsanlar işıq saçsaydılar, nə olardı” sualı verilib. 1-ci sinifə qəbul imtahanında belə bir sualın verilməsinin düzgün olub-olmaması sosial media seqmentində müzakirə mövzusuna çevrilib.
Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbinin birinci sinfinə 160 minə yaxın şagirdin gedəcəyini deyən təhsil eksperti Kamran Əsədov "Sherg.az"a bildirib ki, təkcə Bakı şəhərindəki 326 təhsil müəssisəsində 48 minə yaxın şagirdin 1 sinifə başlaması proqnozlaşdırılır:
"Qeyd edim ki, bir sıra liseylər 2011-ci ildə qəbul edilmiş əsasnamənin tələblərinə uyğun olaraq şagirdləri seçmək hüququna malikdirlər. Yəni burada hansısa qanun pozuntusu yoxdur. Azərbaycanda həqiqətən də vətəndaşın təhsil almaq hüququ var və dövlət onun orta ümumtəhsil müəssisələrində təhsilini təmin edir. Ancaq bununla yanaşı lisey və gimnaziyalar fərqli formada imtahanlar keçirə bilərlər. Bakı Avropa liseyi də fərqlənən bir təhsil məktəbidir. Düzdür struktur baxımından dövlət məktəbidir, lakin buna baxmayaraq çoxsaylı müraciətlər var. Çünki sözügedən lisey bir sıra sahələrdə ixtisaslaşıb. Ona görə də imtahanlar təşkil edə bilər. Həmçinin bu onların nizamnaməsində də qeyd olunub və pozuntu hesab etmək olmaz. Çünki liseyin əsas məqsədi təlim prosesinə inteqrasiya olunmaqdır və öz tədrisini bilik, bacarıqları çox olan şagirdlər üzərində qurub. Həmçinin artıq innovativ yeniliklər dövrü olduğu üçün təkcə təhsil biliklərini yox bacarıqlar da yoxlanılır. Hətta tədris proqramında olmayan suallar da soruşa bilirlər, görsünlər uşağın dünyagörüşü necədir. Yəni əgər müsabiqə şərtini ödəyən yetərli şagird sayı varsa, deməli hansısa pozuntu ola bilməz".