Elçin Əfəndi: "Peşəkar mütəxəssislərdən fikir, rəy almağa çalışmaq lazımdır"
"Valideynlər övladlarının ixtisas seçimi ilə bağlı diqqətli və bilgili olmalıdırlar".
Bunu "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi ixtisas seçimində kənar şəxslərin köməyindən istifadənin mənfi nəticələrindən danışarkən deyib. Mütəxəssisin sözlərinə görə, təhsil anlayışı olmayan, informasiyasız şəxslərə bu riskli prosesi həvalə etmək ən böyük yanlışlıqdır:
"Çünki hər insana övladının gələcək taleyini etibar etmək olmaz. İxtisas seçimi ərəfəsində də belə adamlar hədsiz artırlar. Nəticə etibarilə abituriyent qəbul ola biləcəyi halda, kənarda qalır. Bəzən uşaqla valideynin istədiyi sahə üst-üstə düşmür. Yaranan fikir ayrılığı ümumi işin prinsipinə xələl gətirir. Ana-ata uşaqlara seçim imkanı tanımalı, övladlarının fikrini nəzərə almalıdırlar. Bəzən valideyn övladının az bal toplamasını qəbul etmir, daha yaxşı prestijli ixtisaslar yazmağa can atır. Halbuki toplanılan bal kifayət etmir. Nəticədə abituriyent müsabiqədən kənarda qalır. Peşəkar mütəxəssislərdən fikir, rəy almağa çalışmaq lazımdır. Çünki universitetə daxilolma yolunda ən kritik məqam ixtisas seçimidir. Uşağın gələcək karyerası, alacağı ixtisasın perspektivi kimi məsələlər diqqətlə təhlil olunub, dəqiqləşdirilməlidir. Proses "təki universitetə qəbul olum" prinsipi ilə həyata keçirilərsə, əmək bazarında tələbat olmayan ixtisas seçəcək".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı valideynlərə müraciət edib. O, ixtisas seçimində kənar şəxslərin köməyindən istifadə olunmasının mənfi nəticələr verdiyini diqqətə çatdırıb.