Çin dilinə TƏLƏBAT: Ölkədə plan yerləri azdır  - Niyə artırılmır?

 Texnologiya sahəsində liderliyini qoruyan Çində şirkətlərin məhşurluğu artdıqca, iş adamlarının da bu dili öyrənməyə marağı artır. Çin dili dünya ölkələri arasında ən çox istifadə edilən dillərdən birinə çevrilərək az qala ingilis dilini üstələyir. Azərbaycan da Çinlə  sıx əlaqələr yaratmaqda maraqlıdır. Bu mənada çin dili üzrə İxtisaslar perspektivli görünür. Ölkəmizin ali təhsil müəssisələrindən olan Azərbaycan Dillər Universiteti də beynəlxalq əlaqələrin qurulmasına və elmi tərəfdaşlıq məsələlərinə xüsusi diqqət yetirir, Huçjou Universiteti ilə əməkdaşlıq əlaqələri qurur. 
Təhsil eksperti Elmin Nuri “Sherg.az”a açıqlamasında bildirib ki,  çin dilinin öyrənilməsinə tələbat həqiqətən də artıb:


“Dünya ölkələrində çin, koreya, yapon dilləri üzrə kurslar  çoxalır. Ölkəmizdə də bu dili öyrənmək istəyənlər kifayət qədərdir. Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dillər Universiteti (ADU) kimi ali təhsil müəssisələrində xüsusi kurslar fəaliyyət göstərir. Lakin düşünürəm ki, tələbə qəbulu prosesində bu meyar özünü göstərmir. Yalnız ADU-da  regionşünaslıq  - çin dili üzrə ixtisas var, amma bu yetərli deyil. Plan yerləri də azdır. Regionşünaslığın çin dili bölməsinə cəmi 15 plan yeri ayrılıb. Bu rəqəm isə tələbi ödəmir. Bakı Slavyan Universitetində (BSU), BDU-da, eləcə də, özəl ali təhsil müəssisələrində regionşünaslıq fakültəsində çin dili ixtisasına daha çox yer ayrılmalıdır”.