Bu məsələnin nazir səviyyəsində qaldırılması təqdirəlayiqdir
Məktəblərdə telefon qadağası məsələsinə aydınlıq gətirilib.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki, ötən ildən şagird davranış qaydaları təsdiq edildi.
"Hazırda məktəbə telefon gətirməyi qadağa edən norma yoxdur. Məktəbin daxili qaydasında bu ola bilər. Bu ilin sonuna bir sıra davranış qaydaları tənzimlənməlidir. Telefon şagirdin əmlakıdır, onu almaq, harasa qoymaq üzərində düşünülür. Telefon qadağasını qayda olaraq rəsmiləşdirmək niyyətindəyik. Dərs zamanı telefon istifadəsi olmaz",- deyə nazir əlavə edib.
Məktəblərdə telefonun qadağan olunmasının bu günün məsələsi olmadığını deyən təhsil eksperti Nadir İsrafilov "Sherg.az"a bildirib ki, mövzuya nazir səviyyəsində toxunulması təqdirəlayiq haldır:
"Ümumiyyətlə, məktəbdə telefonun istifadə edilməməsi illərlə müzakirə olunsa da, açıq qalıb. Bəziləri hesab edir ki, telefon şagirdin şəxsi mülkiyyəti və valideynlə danışıq vasitəsidir. Amma bununla bağlı dünya təcrübəsi var və ayrı-ayrı ölkələrdə öz həllini tapıb. Sivil ölkələrdə uşaqlar məktəbə daxil olarkən onlardan telefonları yığılaraq daxıllarda saxlanılır və dərsdən sonra təhvil verilir. Bir zamanlar bizdə də belə təcrübəyə istinad olundu. Hətta ölkəmizdəki bəzi məktəblərdə bu metoddan indi də istifadə olunur".
Ekspert əlavə edib ki, məktəb təkcə təlim yox, həm də tərbiyə müəssisəsidir:
"Tərbiyə işini pozan əsas məsələlərdən biri telefondur. Keçən il ərzində telefon ilə bağlı xeyli problemlər ortaya çıxdı. Düzdür, kimiləri hesab edir ki, şagirdlərdə telefonun olması və onların şəkil çəkməsi şəffaflıq yaradır. Amma bu, düzgün deyil. Çünki sual yaranır ki, məktəbi və müəllimi nüfuzdan salan videolar, şəkillər bizə lazımdırmı? Digər tərəfdən məsələ təkcə şəkil çəkməklə də kifayətlənmir. Telefon istifadə edən şagirdlərin əksəriyyəti dərsdən yayınır və müəllimi yaxşı dinləyə bimirlər. Bu da təhsilin keyfiyyətinə təsir edir. Ümumiyyətlə, bu məsələ ilə bağlı valideynlər arasında da maarifləndirmə işləri aparılmalıdır. Çünki valideynlər bilməlidir ki, uşaqları ilə əlaqə saxlamaq üçün yalnız danışıqda istifadə olunan telefonlar var. Yəni şagirdin 2-3 min manata alınan çoxfunksiyalı telefona ehtiyacı yoxdur. Digər tərəfdən, bəzi uşaqlar məktəbdə telefonlarını nümayiş etdirirlər. Bu da şagirdlər arasında sosial bərabərsizlik yaradır. Ona görə də bu məsələnin nazir səviyyəsində qaldırılmasını təqdirəlayiq hesab edirəm".