Yanvar ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Trend-ə verilən məlumata görə, ötən ay 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bildirilib ki. tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbilə 1, tədris yükü üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukrayna 186, Rusiya 171, Türkiyə 149, Gürcüstan 41, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 17, İtaliya 13, Macaristan 7, Polşa 7, Amerika Birləşmiş Ştatları 4, İsveç 4, Qırğızıstan 4, Çin 3, Fransadan 3, Qazaxıstan 3, Belarus 2, Əlcəzair 2, Almaniya1, Belçika 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Əfqanistan 1, Estoniyadan 1, İspaniya 1, Kipr 1, Litva 1, Malavi 1, Pakistandan 1 müraciət olub.
Məsələni dəyərləndirən təhsil eksperti Elşən Qafarov "Sherg.az"a bildirib ki, 2023- cü ilin avqustun 18-də ölkə prezidentinin müvafiq sərəncamına əsasən, xaricdə ali təhsil qaydaları təsdiq edilib:
"Bundan əvvəlki qaydalar kifayyət qədər problemli idi. Yəni, təhsil sənədlərinin tanınması haqqında "Lissabon konvensiyası" -na uyğun gəlmirdi. Lakin yeni qanunlar qeyd edilən konvensiyaya qoşulan dövlətlər arasında bu sahə üzrə ən mütərəqqi qaydalardan biridir. Hansısa bir maneə yoxdur. Eyni zamanda prosses şəffaf keçirilir. Statistikadan göründüyü kimi, 90 faiz şəxsin müraciəti qəbul edilib. Çox ehtimal ki, tanınmayan diplomların əksəriyyəti Gürcüstanda, Ukraynada universitetlərə adını yazdıraraq iştirak etməyən şəxslərdir. Təbii ki, onlar təhsil aldıqları ilə bağlı sübut ortaya qoymadıqlarına görə, rədd cavabı alıblar. Məsələn, Ukraynada, Gürcüstanda rus bölməsində oxuyan biri rus dilindən bir cümlə belə qura bilmir. Açıq şəkildə məlumdur ki, tələbə hansı yollarla təhsil sənədini əldə etməyi bacarıb. Onlarında müraciətlərinə mənfi rəy gəlməsi normal haldır".