Elm və Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsini elan edir. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.
Müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 27 fevral - 1 aprel 2024-cü il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən hər il qrant layihələr təşkil olunur:
"Burada başlıca məqsəd müəllimlərin fərdi inkişafı, eyni zamanda şagirdlərin ümumi təhsil prossesinin yeni innovasiyalara cavab verilməsini təmin etməkdir. Qrant layihələr paytaxtda və paytaxtdan kənar ərazilərdə keçirilir. Qalib olan müəllimlər isə öz dərsləri ilə paralel olaraq, layihə istiqamətində fəaliyyətlərini davam etdirərək təcrübə qazanmış olurlar. Təbii ki, bu müsabiqənin effektiv cəhətləri var. Ancaq bura ayrılmış maliyyə vəsaiti düzgün yerlərə xərclənməlidir. Yəni, kimlərsə bu məbləği öz xeyrinə sui-istifadə etməməlidir. Bir sözlə, görüntü xatirinə layihə keçirilməməlidir".