Tezliklə Azərbaycan-Türkiyə birgə universitetinin açılması nəzərdə tutulur. Lakin dəqiq tarix barədə ictimaiyyətə hər hansı məlumat verilməyib. Bir müddət əvvəl Prezident İlham Əliyev Türkiyənin ovaxtkı milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü qəbul edərkən birgə universitetin yaradılması məsələsi də müzakirə olunub. Prezident həmin görüşdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını söyləyib. Oktyabr ayında isə Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan – Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsi məqsədilə ölkəmizə səfər edib. Ölkəmizdə Azərbaycan-Fransız, İtaliya-Azərbaycan universitetləri modelləri var. Bu nümunələrdən çıxış edərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması müsbət effekt verəcək. Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə artıq bu universitetə qəbul olan şagirdlər bu universitetdə Türkiyə modeli ilə təhsil almaq imkanına malik ola biləcəklər.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri söyləyib ki, bu təhsilimiz və Azərbaycan-Türkiyə qardaşlığı adına atılmış təqdirəlayiq addımdır:
"Fevralın 19-da cənab Prezident tərəfindən Azərbaycan-Turkiyə universitetinin yaradılması ilə bağlı qərar verildi. Prezidentin Türkiyəyə rəsmi-işgüzar səfəri zamanı Azərbaycan Elm və Təhsil nazirliyi ilə Türkiyə Ali Şurasının rəhbərliyi arasında " Anlaşma Memorandumu" imzalandı. Ölkə başçımız şəxsən özü bildirdi ki, bu Azərbaycan-Turkiyə birliyinin rəmzidir. Hələ ki, universitetin hansı istiqamətlər üzrə fəaliyyət göstərəcəyi və hansı ixtisasların əlavə ediləcəyi barədə dəqiq məlumat yoxdur. Fikrimcə, yeni yaradılacaq universitet bölgədə yüksək səviyyəli elm olacaqlarından biri kimi fəaliyyət göstərəcək. Çünki Türkiyənin nüfuzlu ali təhsil müəsisələrinin təcrübəsi fonunda fəaliyyəti təmin ediləcək. Buna görə də reytinq cədvəllərində ölkəmizi təmsil edən universitetlərdən biri olacaq".