Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərlə bağlı araşdırma aparılıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında deyilir. “Araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, işdən azad edilib. Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb”, - məlumatda deyilir.
Məsələ ilə bağlı “Sherg.az”a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, korrupsiyaya yol verən şəxs vəzifəsindən azad olunsa da, bununla problem öz həll yolunu tapmır:
"Yəni, respublikanın müxtəlif bölgələrində və paytaxtda bu cür insanlar var. Onlar əlava qazanc əldə etmək üçün nəfislərinə hakim ola bilmirlər. Nəticədə valideynlər və şagirdlərdən pul yığırlar. Təbii ki, bu həqiqət görüntü olduğuna görə, öz təsdiqini tapdı. Belə halların aradan qaldırılması üçün ilk növbədə həmin şəxsin özü vicdanlı olmalıdır. Çünki Elm və Təhsil Nazirliyi hər yerdə kamera quraşdıraraq həmin şəxsləri izləmir. Rüşvətxorluq istiqamətində mübarizə üsulu kimi otaqlarda kameraların quraşdırılmasının tərafdarıyam. Lakin həmin adamın belə bir niyyəti varsa, rüşvəti şəxsi otağında deyil, kənar ərazilərdə də ala bilər. Həmçinin, valideyn, şagirdlər və müəllimlər də belə bir vəziyyətlə qarşılaşdıqda qorxmamalı və bununla bağlı adiyyatı qurumlara məlumat verməlidirlər. Elə kadrlar seçilməlidir ki, aldıqları məvacibdən başqa, rüşvətə meyl etməsinlər. İndiki dövrdə 4440-dan çox təhsil müəsisəsi fəaliyyətdədir. Bunun təxminən 500-600-də məktəb direktoru yoxdur. Bu səbəbdən rəhbərlər daha diqqətli olmalıdır. Bir sözlə, təhsil müəssisələrində korrupsiya hallarının baş verməsi yolverilməzdir".