Dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılması və tələbə yataqxanalarının tikilməsi təklif edilib.
Bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Məruzədə qeyd edilib ki, ehtiyaca uyğun olaraq, yeni tələbə yataqxanalarının inşa edilməsi istiqamətində aparılan işlərin davam etdirilməsi önəmlidir.
Təklifə münasibət bildirən təhsil eksperti Elşən Qafarov "Sherg.az"a açıqlamasında deyib ki, 2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı üzrə Dövlət Strategiyasında dövlət sifarişli yerlərin sayının artırılması, ödənişli təhsilin tədricən aradan qaldırılması əsas hədəflərdən biri olduğu göstərilib:
"2022-2026 cı ildə inkişaf strategiyası ilə bağlı ölkədə tələbə sayının 45 mindən 75 minə qaldırılmasına hədəflənib. Keçən ildən artıq bu istiqamətdə müvafiq tədbirlərə başlanılıb. Hətta, 2023-2024 tədris ilində tələbə yerlərinin sayı 56 minə qədər artırılıb. Növbəti il isə bu sayın 66 minədək yüksəldilməsi gözlənilir. Eyni zamanda, ildən-ilə ödənişli oxuyanların sayı çoxaldılır. Nəticədə dövlət hər bir ali təhsil müəsisələrinə güzəştli kreditlər ayıraraq kampüs sisteminə keçməyi təşviq edir. Hazırda ali təhsil müəsisələrinin bir neçəsində kampüs sistemi daha effektiv qurulub. Misal olaraq Bakı Mühəndislik, Azərbaycan Aqrar, Lənkəran, Naxçıvan, Mingəçevir üniversitetlərini göstərmək olar. Təəssüf ki, paytaxtda yerləşən ali təhsil ocaqlarında yataqxanalarla bağlı böyük çətinliklər mövcuddur. Təhsil Tələbə Kredit Fondu Nazirlər Kabinetinə təklif verib ki, istər ödənişli, istərsə də, dövlət hesabına təhsil alan tələbələrin kirayə və nəqliyyat haqqı kredit sisteminə keçirilsin. Bu da mühüm addımlardan biri olacaq. Digər tərəfdən bəzi ali təhsil müəsisələri yenilənmək istəmir və dövlətin yaratdığı şəraitə suni maneə yaradırlar".
Ekspert vurğulayıb ki, ali məktəblər yataqxanaların tikilməsinə özləri maraqlı olmalıdırlar:
"Çünki hər il dəm qazından bir neçə tələbənin öldüyünü görürük. Günümüzdə var olan maneələrdən biri də epidomoloji xəstəliklərlə bağldır. Onların dərsə buraxılmasına qanun çərçivəsində icazə verilmir. Reallıq ondan ibarətdir ki, həmin tələbələr kreditə saxlanılır və onlarla tələbə Təhsil Kredit Fondunun imkanlarından yararlana bilmir. Dövlət sifarişi ilə təhsil alan tələbələrinin işlə təmin olunmasını dövlət özü həyata keçirir. Lakin ölkəmizdə yalnız xüsusi təyinatlı müəsisələri tamamlayan şəxslərə iş verir. Fikrimcə, gələcəkdə dövlət hesabına üniversiteti bitirən məzunlara da bu sahədə güzəştlərin tətbiq olunması arzuolunan hal olardı".