Əlavə imtahanların təşkili şagirdlərdən çox müəllimləri yorur
Orta təhsil müəssisələrində şagirdlərin yorulmaması üçün əlavə imtahanların sayı azaldıla bilər. Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. O bildirib ki, hazırda hansı imtahanların azaldılacağı ilə bağlı konkret bir məlumat yoxdur. “Mən bunu təhsil eksperti olaraq deyirəm. Orta məktəblərdə olan imtahan sayını bir dəfə azaltmışıq, növbəti azaldılma da müzakirə olunur”- deyə o bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri söyləyib ki, əlavə imtahanların təşkili şagirdlərdən çox müəllimləri yorur:
"Orta təhsil müəsisələrində əlavə imtahanların sayının azaldılması ilə bağlı qərar media nümayəndələri eləcə də sosial şəbəkə istifadəçiləri müsbət qarşıladılar. Təbii ki, burada söhbət buraxılış və blok imtahanlarından getmir. İbtidai sinifdən tutmuş yuxarı siniflərə qədər böyük və kiçik summativ qiymətləndirmələrin həcmi azaldılmalıdır. Hətta, bəziləri ləğv olunmalıdır. Bu başqa variantlarla əvəz edilməlidir. Belə ki, monitorinqlərin və müşahidələrin nəticəsi olaraq belə bir addımın atılmasına ehtiyac olub. Əminəm ki, bu istiqamət üzrə hazırlıq prossesləri gedir. Praktiki olaraq bununla bağlı qərar olmadığına görə, haqlı olaraq bundan xəbərsizik. Sənəd işləri, qiymətləndirmə ilə bağlı tələb olunan meyarlar müəllimləri dərsdən kənarlaşdırmağa sövq edir. Bu problem ibtidai tədrisdə daha çox müşahidə olunur. Düşünürəm ki, təxminən 1-2 ilə məktəblərdə keçirilən imtahanların sayı azaldılacaq".