Qarabağ Universitetində müəllimlərin maaşları ortalamadan yüksək olacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
O bildirib ki, Qarabağ Universitetində əməkhaqlarının orta göstəricidən bir neçə dəfə yüksək olması nəzərdə tutulur:
"Çünki yalnız bu halda istedadlı adamları ora apara bilərik. Vakansiyalara gəldikdə isə bu tamamilə şəffaf proses olacaq. Xaricdə təhsil alan təhsil işçilərinin Azərbaycana, Qarabağa qayıtması bizim əsas hədəflərimizdəndir".
Sual yaranır. Qarabağ Universitetinə peşəkar mütəxəsisləri və savadlı gəncləri başqa hansı yollarla cəlb etmək mümkündür?
Məsələni dəyərləndirən fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov "Sherg.az"a bildirib ki, Qarabağ Universiteti güclü səviyyədə qurulmalıdır:
"Bununla təhsil tariximizdə yeni səhifə açılacaq. Eyni zamanda həmin universitetdəki kadr bazasının formalaşması, ən yaxşı alimlərin təhsilə cəlb olunmasına çalışmalıyıq. Yeni yaradılacaq ali təhsil müəsisəsində tələbələrə ən yüksək təqaüdün verilməsi, yataqxanaların pulsuz təşkil olunması təqdirəlayiqdir. Düşünürəm ki, dövlət tələbələrin pulsuz yemək xərclərini də qarşılaya bilər. Eyni zamanda, tədrisə cəlb olunacaq müəllimlər üçün yüksək maaşın verilməsi uğurlu addımdır. Hətta, bu yolla Qarabağ Universitetinə Azərbaycan əsilli xaricdəki müəllimləri də cəlb edə bilərik. Bura elm və təhsilin inkişafı üzrə diaspor alimlərini və xaricdə təhsil almış gəncləri yönləndirməliyik. Ümid edirəm ki, Qarabağ Universitetində işləmək istəyən xeyli sayda potensiala malik şəxslər müraciət edəcək".