Bu ilin sonunadək Bakı məktəblərinin, demək olar, hamısında "Ümumi təhsil müəssisələrində şagird davranış qaydalar"nın tətbiq olunacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib.
O bildirib ki, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" çox əlçatan və müfəssəl sənəddir ki, bu da həm məktəbə, həm də valideynlərə şagirdin necə olmalı olduğunu, təhsil müəssisəsində özünü necə aparmalı olduğunu başa düşməyə imkan verir.
"Hazırda layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 62 ümumi təhsil müəssisəsində həyata keçirilir.
Pilot layihənin birinci mərhələsinin nəticələrinin təhlili göstərdi ki, bu məktəblərdə tədris mühiti müsbət istiqamətdə dəyişir. Bununla belə, bir daha vurğulamaq lazımdır ki, məktəb mühitinin formalaşmasında məktəblə valideynlər arasında əməkdaşlıq mühüm rol oynayır. Təhsil müəssisələri valideyn icmaları ilə münasibətlərinə əsaslı şəkildə yenidən baxmalı, bu istiqamətdə işləri gücləndirməlidirlər. Cəmiyyətdən, xüsusən də valideynlərdən lazımi dəstək olmasa, tez nəticə əldə etmək çox çətin olacaq", - deyə o qeyd edib.
Bəs, layihəyə daxil olan davranış qaydaları konkret olaraq nələrdən ibarətdir?
Məsələ ilə bağlı danışam Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova "Sherg.az"a açıqlamasında bildirib ki, şagird davranış qaydaları mükəmməl hazırlanmış bir sənəddir:
"Burada nizam-intizamı tənzimləməklə yanaşı, prossedurlar da mövcuddur. Sənədə uşaqların fiziki təhlükəsizliyi, psixoloji sağlamlığı, şagirdlərin kollektivlə münasibəti, bulinq məsələləri daxildir. Məqsəd isə əlverişli öyrənmənin gücünü, Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən məktəb mühitini formalaşdırmaqdır. Sənəd bir neçə hissədən ibarətdir. Həm davranış qaydalarını müəyyənləşdirir, həm də davranış səviyyələri üzərində çalışır. Tövsiyyə olunan intizam tədbirləri haqqında məlumat verilir. Ümumiyyətlə, məktəb mühitində qaydaları tənzimləyən belə bir çərçivə sənədinə ehtiyac var idi. Qaydalara şagirdlərin dərsdəki davamiyyəti, geyim tərzi, gigiyenik qaydalara əməl etməsi aiddir. Əsas fokuslanılan nüans isə təhlükəsizlik mövzusudur. Dəhliz və pilləkanlardan istifadə edərkən, fövqaladə hallar zamanı təhsil müəssisəsinin mövcud qaydalarına əməl etmək vacibdir. Təəssüf ki, dərsdən qaçan şagirdlər də var. Sözügedən qaydalar bunu nizamlayır. Sənəd hazırlanarkən bir neçə beynəlxalq təcrübəyə baxıldı və müzakirələrə çıxarıldı".
G.Səfərova vurğulayıb ki, qaydalar varsa, onu pozan şəxslər də olacaq:
"Buna görə intizam tədbirləri də formalaşdırılıb. Tənzimləmək üçün müəyyən komissiyalar yaradılıb. Həmin komissiyada fəaliyyəti həyata keçirmək üçün valideynlər və şagirdlər də iştirak edir. Şagird davranış qaydaları birmənalı olaraq valideynlərlə birlikdə aparılan prossesdir. Şagird davranış qaydalarında şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulmayıb. Ancaq bu vasitədən dərs vaxtı istifadə etmək olmaz. Məktəbə smartfon telefon gətirmək valideynlərin uşaqları ilə xəbərləşməsi ilə bağlıdır. Şübhəsiz ki, gələcəkdə bu barədə hansısa qanun olacaq. Qaydaların bütün məktəblərdə tətbiq edilməsi vacibdir. Çünki üstün cəhətləri çoxdur".