Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi Şahin Əliyev tutduğu vəzifədən azad edilib.
Müvafiq qərar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində qəbul edilib. Yenisabah.az məsələ ilə bağlı maraqlı məlumatlar əldə edib. Kollecin əməkdaşlarından biri sayta bildirib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə paralel olaraq Göyçay Rayon Prokurorluğu və Maliyyə Nazirliyi də bir neçə aydır ki, kollecin fəaliyyətini yoxlayır. Aparılan yoxlamalar nəticəsində cinayət əməli kimi qiymətləndirilə biləcək çoxlu sayda qanunsuzluq aşkarlanıb. Buraya dövlət vəsaitini mənimsəmədən tutmuş, tələbələrdən rüşvət almağa kimi bir çox hallar daxildir.
Maliyyə Nazirliyinin apardığı araşdırma zamanı məlum olub ki, kollecə məxsus olan avadanlığın çoxu yararsız vəziyyətdədir. Buna baxmayaraq, vaxtaşırı təhsil müəssisəsi üçün avadanlıqlar və yanacaq alınıb. Rüşvət qalmaqalı ilə bağlı audioyazı da üzə çıxıb. Audioyazıda Şahin Əliyevin kollecin direktoru vəzifəsini müvəqqəti icra edərkən uzaq rayondan gələn tələbədən rüşvət istədiyi, onun isə tələb olunan məbləği verə bilməyəcəyini dediyi iddia edilir. Məlum olur ki, tələbənin cəmi 20 manat verməyə imkanı çatır. Direktor isə bununla razılaşmır. Deyir ki, gediş-gəliş xərcin 40 manat edir. Belə çıxır ki, Göyçaya 60 manatla gəlmisən... Tələbə isə evdən çıxarkən üzərində cəmi 50 manat olduğunu iddia edir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, rüşvətə meyl edən şəxslər barəsində qanunun tələbinə uyğun müvafiq addımlar atılmalıdır:
"Xüsusi ilə təhsil müəsisələrində kiçikdən tutmuş rəhbər heyyətə qədər hər kəs öz əməlinə görə başqalarına örnək olmalıdır. Tələbədən rüşvət alan müəllim həmin gənci rüşvətxorluğa öyrədir. Ümid varam ki, Elm və Təhsil Nazirliyi yaxın vaxtlarda dövlət kolleclərində rəhbər şəxslərin seçilməsində müsabiqə təşkil edərək yalnız vicdanlı şəxsləri işə cəlb edər. Çünki, elə kollec rəhbərləri var ki, uzunmüddətdir fəaliyyət göstərirlər. Onlar iş prinsiplərini öyrəndikləri üçün rüşvətin yığılmasının yollarını yaxşı bilirlər. Bu kimi halların yaşanmaması üçün rəhbər heyyəti nəzarətdə saxlayan mexanizm və yaxud qurum, komissiya təşkil olunmalıdır. Adı çəkilən qurumlar tələbələrlə müntəzəm işləməli və onların fikirlərini nəzərə almalıdırlar. Həmçinin müntəzəm olaraq təhsil müəsisələrində yoxlamalar aparılmalıdır. Tədbir görülməyəcəyi təqdirdə problem həll olunmayacaq".