Günel Səfərova: "Uşaqların müdafiəsi sevərək məşğul olduğum sahədir"- SÖHBƏT

"Demirəm, gözləntiləri doğruldacağıma tam əminəm, lakin bunun üçün çalışacam"

"İctimai Şuradakı obyektivliyi və aktivliyi bu işimdə də davam etdirəcəm" 

"Təhsil sahəsi bambu ağacı kimidir. Əvvəl kök atır, daha sonra biz onu görürük. Bu sahədəki dəyişikliklərin nəticə verməsi xeyli vaxt tələb edir"


Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın sabiq sədri Günel Səfərova ETN-in Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini təyin olunub.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Günel xanımın təyinatı həm sosial mediada, həm də ictimaiyyətdə təqdir olunub, böyük sevinc hissi ilə qarşılanıb. Bu rəğbətin səbəbi isə Günel Səfərovanın  ictimai sektorun peşəkarlarından olmasıdır. Adətən  vətəndaş cəmiyyətindən dövlət işinə gedənlər həm dövlətin, həm də cəmiyyətin etimadını doğruldub. Bu baxımdan Günel xanımın təyinatı  da həmkarları tərəfindən  yeni bir dalğanın başlanğıcı kimi dəyərləndirilir. QHT sektorunda həyata keçirdiyi bütün layihələrdə öz  peşəkarlığını ortaya qoyan G. Səfərovanın yeni vəzifəsində də öz potensialından  düzgün istifadə edəcəyi  şübhə doğurmur. “Təmiz Dünya” Qadınlara 

Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın da dediyi kimi o həssas qrupalarla işləməyi yaxşı bacarır axı:

“Qadın hüquqlarını müdafiəsində əsas meyarlardan biri də, qadınların qərar qəbul etmədə iştirakının təmin edilməsidir. 
Günel Səfərovanın təyinatı, ona görə həm də uğurludur ki, həssas qrupalarla işləməyi,  yaxşı komunikasiya bacarıqlarının olması, eləcə də yenilikçidir, yeniliyi dəstəkləyir və Beynəlxlaq təcrübəni daimi öyrənir.  Biz arzu edirik ki, Günel xanım digər qadınların irəli çəkilməsində yeni bir eranı yaratmış olsun. Çünki, o ətrafında çoxlu sayda bacarıqlı olan qadın liderləri yaxşı tanıyır və ən yaxşı təqdimatı edə bilmək imkanaları var.  O cümlədən o müasir qadın məmur obrazının formalaşması və təqdimatını uğurla həyata keçirəcək. Uşaqlarımızın təhsili və qarşıda duran çox ciddi məsələlərin həlli prioritet təşkil edir. Bu istiqamətdə ciddi işlər aparılmalıdır, xüsusilə də uşaqlarla təlim -tərbiyəsinin müasir texnologiyalar əsrində düzgün aparılması ciddi araşdırma tələb edir. İnaniram ki, o bu yolda ciddi layihələrə imza atacaq”.


Yeni təyinatla bağlı təəssüratlarını “Sherg.az”-la bölüşən Günel Səfərova  ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını deyib:

-Bildiyiniz kimi daha əvvəl Elm və Təhsil Nazirliyi yanında ictimai Şuranın sədri idim. “İctimai İştirakçılıq haqqında” qanundan irəli gələrək uşaq hüquqları və onların müdafiəsi ilə, məktəblərin monitorinqi, uşaqların rifahını yaxşılaşdıran sənədlərin hazırlanması kimi proseslərə cəlb olunurduq. İki illik səlahiyyət müddətimiz bitdi və uşaq müdafiəsi sahəsində  təcrübəm nəzərə alınaraq belə bir təklif aldım. Mövcud sahədəki fəaliyyətimi yüksək qiymətləndirib mənə etimad etdiyi üçün cənab nazir Emin Əmrullayevə  təşəkkür edirəm. 

-Deməli, təyinatınız gözlənilən idi?

-Uşaqlarla bağlı sahə mənim fəaliyyətimdə xüsusi yer tutur. Yuxarıda da qeyd etdiyim kimi 2021–2023-cü illər ərzində İctimai Şuranın sədri vəzifəsində çalışmışam. Daha əvvəllər isə Avrasiya Əməkdaşlıq Fondu, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olmuşam.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüyəm və orada müəyyən edilmiş istiqamətlər üzrə qadın, ailə, uşaq məsələlərinə məsul idim. Eyni zamanda uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak etmişəm. Bütün bunları deməkdə məqsədim odur ki, uşaqların müdafiəsi mənə yad sahə deyil. Sevərək məşğul olduğum bir fəaliyyətdir. 

-Fəaliyyətinizi necə quracaqsınız?

-Sözsüz ki, bu sahədə görüləcək işlər çoxdu. Elm və Təhsil Nazirliyinin bu sahəyə yeni baxışı, yeni istiqaməti var. Uşaqların Müdafiəsi İdarəsi bu istiqamətdə çox mühüm bir nəticə ortaya qoyub. Sosial pedaqoqların orta məktəblərdə fəaliyyətə başlaması kifayət qədər əhəmiyyətli və vacib bir məsələdir. Uşaq müdafiə mexanizmini  mövcud olan resurslarımız və layihələrimizlə qururuq. Sözsüz ki, uşaqların müdafiəsi yalnız ETN-nin səlahiyyətində  deyil. Bu baxımdan  digər dövlət qurumları ilə mühüm əməkdaşlıq formalaşdırılıb və bu prosesi davam etdirəcəyik. Məqsədimiz uşaq rifahının yüksəldilməsi, uşaqların məktəblərimizdə təhlükəsiz şəraitdə  təhsil almasıdır. Bu prosesdə nazirlik olaraq biz  aidiyyatı qurumlar və valideynlərlə birlikdə işləməliyik ki uşaqlarımızın təhlükəsiz mühitdə böyüməsinə nail olaq. Pafoslu səslənsə də deməliyəm ki, uşaqlar bizim ümidimizdir. Ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.

-Sosial mediada sizə ünvanlanan təbrikləri izlədim.Hamı sevinir və bu təyinatı uğurlu, yerində atılmış bir addım hesab edir. Amma gözləntilər həddindən artıq böyükdür...

-İctimai sektordan gəlirəm, yəqin buna görə təyinatım insanlar arasında ümid yaradıb.  Xoş sözlər ünvanlayan, mənə inanan hər kəsə təşəkkür edirəm. Gözləntilərin hər birini doğruldacağıma ümid edirəm. 

-Gözləntilərin böyük olması  məsuliyyətinizi bir az daha artırır....

-Şəxsi təcrübəmdən bilirəm ki, insanlara öydəliyi və məsuliyyəti işi yarıtmağına, yəni gözləntini qarşılamağına görə verirlər. Görünür, əvvəllər işlədiyim sahələrdən, ortaya qoyduğum nəticələrdən razı qalıblar.  
İctimai Şura tərkibinin müsbət fəaliyyəti nəticəsində cəmiyyətin inamı formalaşıb. Bilirsiniz ki, iki il ərzində təhsil sahəsində kifayət qədər aktiv fəaliyyət həyata keçirilib. Son iki ildə 7 böyük, 10-dan çox kiçik və tematik müzakirə, məktəblərə onlarla səfər, regional görüşlərin təşkili, yüzlərlə fərdi şikayətlərin cavablandırılması, vətəndaşların məlumatlandırma sessiyalarının keçirilməsi və s. tipli işlər görülüb. İctimai Şura vətəndaşla qurum arasında körpü rolu oynamaqla yanaşı eyni zamanda idarəçilikdə vətəndaşların iştirakının təmin edilməsi formasının bir növüdür. Məhz bunu nəzərə alaraq Məktəb, Ailə və İcma birlikləri konsepsiyası hazırlandı, Uşaqların Davranış Qaydaları təhsilin ayrı-ayrı seqmentləri ilə müzakirə olundu, dərsliklərin müəllifləri ilə ictimai müzakirə təşkil edildi, KİV-lərlə təhsil mövzusunda məlumatların əks edilməsi standartları ilə bağlı “dəyirmi masa” təşkil edildi, məktəblərdə uşaq müdafiəsinin təşkili ilə bağlı həm ictimai müzakirə, həm də konkret hadisələr üzrə tədbirlər görüldü.
Bəlkə də daha böyük işlər də görə bilərdik, sadəcə İctimai Şuranın resusları o qədər də böyük olmadığı üçün səlahiyyətlərimizdən kənara çıxa bilməzdik. 
Onu deyim ki, təhsil sahəsi bambu ağacı kimidir. Əvvəl kök atır, daha sonra biz onu görürük. Təhsil sahəsindəki dəyişikliklərin nəticə verməsi də xeyli vaxt tələb edir. Demirəm, gözləntiləri doğruldacağıma tam əminəm, lakin bunun üçün çalışacam. Çalışacam ki, İctimai Şuradakı obyektivliyi və aktivliyi bu işimdə də davam etdirim. 
Adətən dövlət  qurumları ilə bağlı müzakirələrə səbəb olan məsələlərdən biri onların vətəndaşlara, cəmiyyətə qapalı olmasıdır.  Lakin ETN son illərdə  bu bariyerləri aşıb. Bu gün cəmiyyətin hər nümayəndəsi öz problemlərinin həlli ilə bağlı onu narahat edən sualları ETN-ə çox rahat şəkildə ünvanlaya və cavab ala  bilir. 

-Bəs, sizdən sonra İctimai Şuranın taleyi necə olacaq? Fəaliyyətini başqa bir sədrlə  davam etdirəcək?

-“İctimai Şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbindən irəli gələrək mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi məqsədi ilə yaradılıb. 
Bu təşəbbüsə əsasən vətəndaş cəmiyyəti institutları İctimai Şuralarda təmsil olunaraq qanundan irəli gələn hüquq və vəzifələri icra edirlər. Qanunauyğun olaaraq ötən ilin sonunda  rəhbərlik etdiyim İctimai Şura fəaliyyətini  dayandırıb və yanvar  ayında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə formalaşması üçün seçkilər elan edilib. Hazırda müraciətçilər arasında seçim prosesi aparılır. Sevindirici haldır ki, İctimai Şuranın tərkibində təmsil olunmaq  istəyən insanları sayı həddindən artıq çoxdur. Demək ki, insanlar artıq bu sahəyə maraq göstərir.  Yəqin ki yaxın günlərdə seçkilər keçiriləcək və yeni heyət məlum olacaq.  Yeni heyət deyirəm, çünki  bizim  Şuranın  üzvlərinin əksəriyyəti  seçkilərdə iştirak etməyəcək.  Bir qismi müxtəlif sahələrə təyinat alıb, bir qismi üçün də iş rejimi ilə paralel İctimai Şurada çalışmaq çətin idi. Ümid edirəm ki,  İctmai Şuranın yeni tərkibi bizdən də daha effektli fəaliyyət göstərəcək.