Bakı Şəhər Nəsimi Rayon T.Həsənov adına 23 saylı orta məktəbdə aşağı sinif şagirdləri arasındakı insident yaşanıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, şagirdlər arasında yaranan mübahisə onlardan birinin digərinin boğaz nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər arasında yaranan mübahisə ilə bağlı polisə məlumat daxil olub:
“Faktla bağlı araşdırma aparılır”.
Son zamanlar məktəblərdə tez-tez şagirdlər arasında qarşıdurma baş verdiyini müşahidə edirik. Maraqlıdır, bu yaşanılanlarda günahkar kimdir?
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, məktəb mühitində şagirdlər arasında intizamsızlığın olması mümkündür:
"Normal hesab olunmasa da, əksərən belə vəziyyətlər yaşanır. Hər birimiz məktəb vaxtlarında bu cür sitiuasiyalarla qarşılaşmışıq. Lakin əvvəlki dövrdə sosyal şəbəkələr yox idi deyə, hər baş verən hadisə işıqlandırılmırdı. Əgər ciddi nizam-intizam pozuntusu, şagirdin sağlamlığına həyati dərəcədə təhlükə yaradan hadisədirsə, bunun işıqlandırılması təqdirəlayiqdir. Amma bu sıradan bir intizam pozuntusudursa, onu sosyal mediada qapartmağın əleyhinəyəm. Çünki bu məktəb amilini, təlim-tərbiyyə mühitini düzəltmək əvəzinə neqativ enerjilərlə yükləyir və onun daha tez derradasiyasına gətirib çıxarır. Bir şagird bu kimi xəbərləri oxuduqca onda maraq hissi formalaşacaq. Təəssüf ki, məktəblərdə şagird münasibətlərinin tənzimlənməsi qaydaları tətbiq edilə bilmədi. Bu 100-ə yaxın məktəbdə pilot layihəsi kimi həyata keçirilsə də, yetərincə effekt vermir".
Ekspert vurğulayıb ki, təhsil ocaqlarında davranış qaydaları sərtləşdirilməlidir:
"Bir vaxtlar sarı, qırmızı, yaşıl rəngli kartlar təşkil olunmuş və davranış qaydaları ilə bağlı təkliflər müzakirəyə çıxarılmışdı. Ancaq sonradan həmin qaydalar toplusunun praktiki həllinə dair bir şeylər eşitmədik. Bu müzakirələr yenidən təşkil olunmalıdır. Əks halda bu kimi hadisələrin qarşısını almaq olmayacaq. Qeyd edim ki, Bakı məktəbləri elektron idarə sistemə keçir. Doğrudur, bu texniki cəhətdən asan deyil. Belə olduğu halda şagirdlərin nizam-intizamına nəzarət etmək mümkün olacaq".