Bu günlərdə ən aktual mövzu iki yeni universitetin yaradılmasıdır. Azərbaycana hazırda texniki elmləri öyrədən universitet lazımdır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Azərbaycanla Türkiyənin yaratdığı universitet tək qardaşlığımızı göstərmək üçün olmamalı, həm də keyfiyyətli universitet yaradılmalıdır: “Sentyabrda yeni dərs ili başlayacaq, amma bu universitetin bina məsələsi həllini tapmayıb. Biz universitet yaratma prosesini regionlara daşımalıyıq. Türkiyə ilə ortaq universiteti Qazaxda yarada bilərik, bu, bizim xeyrimizə olar. İkincisi, Qarabağda fərqli universitet yaratmalıyıq. Silikon vadisinə bənzər universitet yaratmalıyıq ki, dünyanın fərqli yerlərindən orda gəlib təhsil alsınlar. Biz yetkin büdcəyə sahib olmalıyıq, xarici mütəxəssisləri cəlb etməliyik”.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Sherg.az”a bildirib ki, universitetlərin rayonlara daşınması həmçinin, regionlarda universitetlərin yaradılması müsbət haldır:
“Universitet modelinin rayonlarda tətbiqi üçün həddindən artıq vaxt və sərmayə lazımdır. Məsələn, Bakı Dövlət Universitetinin tələbə-müəllim kontingenti həddən artıq böyükdür. Onları rayona köçürmək üçün mütləq kampus (universitetin şəhərciyi) yaradılmalıdır. Bu gün bizim tək-tük universitetlərimizin normal yataqxanaları var. Könül istərdi ki, bizim rayonlarda super kampusa sahib olan universitetlər olsun. Reallıq odur ki, bu bizdə yoxdur. Hazırda bizim cəmi bir neçə region universitetimiz mövcuddur. Lənkəran, Mingəçevir, Gəncə və Naxçıvan. Təkcə Gəncədə 3 universitet fəaliyyət göstərir. Razıyam ki, elə sabahdan bizim hansısa bir universitetimizin başqa rayona köçürülməsinə start verilsin. Lakin buna görə tələbələr, işçi-müəllim heyəti və alimlər üçün kampus yaradılmalıdır. 4 il insan həyatının ən önəmli çağlarından biridir. Müxtəlif istirahət-əyləncə mərkəzləri, kafe-restoran şəbəkəsi və geyim-butik olmalıdır ki, tələbələr və müəllimlər istədikləri şəraitdə yaşasınlar. Bunların hər biri təşkil olunacaqsa, niyə də olmasın”.
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, Azərbaycanda 51 təhsil müəssisəsi fəaliyyətdədir:
“Bu ali təhsil müəssisələrində 187 min tələbə təhsil alır. Bu gün paytaxt Bakıda yerləşən ali təhsil müəssisələri sıxlıqdakı əsas səbəblərindən biri kimi qiymətləndirilə bilər. Bölgələrdə ali təhsil müəssisələrinin açılmasında maraqlı olmalıyıq. Ona görə ki, bu bölgələrin sosial-iqtisadi inkişafına təkan verər. Universitetlər baxımından Azərbaycanın təhsil xəritəsinə baxsaq görərik ki, universiterlərin böyük bir qismi iri şəhərlərdə və paytaxt Bakıdadır. Bu gün Bakıdan Lənkərəna qədər ərazidə təkcə Lənkəranda bir universitet fəaliyyət göstərir. Məsələn Salyanda mütləq universitet açılmalıdır. Bu həmin əraziyə yaxın bölgələrdəki şəxslərin orada oxumağına imkan yaradacaq. Bakıdan şimala qədər olan ərazidə isə demək olar ki, universitet yoxdur. Yalnız Qubada Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı mövcuddur. Şamaxı və yaxudda digər ərazilər isə bura yaxın deyil. Qubada, Xaçmazda, Qusarda ən azı kollec səviyyəsində təhsil müəssisələri açılmalıdır. Həmçinin Mərkəzi Aran ərazilərində də biz universitet açmaqda maraqlı olmalıyıq. Ali təhsil müəssisələrinin açılması həmin ərazidə infrastrukturun dəyişməsinə, iş yerlərinin açılmasına və sosial hərkətliliyə gətirib çıxarır. Çünki insanlar orada kirayə qalırlar, müəyyən alış-veriş edirlər. Bu isə maliyyə hərəkətliliyini müsbət mənada dəyişə bilir. Hesab edirəm ki, bölgələrdə universitetlərin açılmasında maraqlı olmalıyıq. Azərbaycanda İtalyan-Azərbaycan, Türk-Azərbaycan universiteti, Xankəndidə Qarabağ universiteti açılacaq. Bu il ali təhsil müəssisələrinin qəbul plan yerində ciddi artım müşahidə edirik. Bu amillərin hər biri təbii ki, yaxşı haldır. Ali təhsilin əlçatanlığına müsbət təsirini göstərir. Bu il qəbul olan insanların sayı əvvəlki illər ilə müqayisədə daha çox olacaq. Hesab edirəm ki, bölgələrdə mühəndislik, müəllimlik və ən vacib də tibb ixtisasına daha çox yer verməliyik. Çünki bölgələrdə tibbi mütəxəssislərə çox ehtiyac var. Bu gün Azərbaycanın bölgələrində tibb sahəsində çalışanların orta yaşı kifayət qədər yuxarıdır. Bölgələrdə tibbi kadrlara olan ehtiyacın aradan qaldırılması üçün mütləq şəkildə tibb ixtisası üzrə ən azı kollec səviyyəsində universitetlər açılmalıdır”.