Qəbul imtahanlarının forması dəyişdirilməli, fənlərin sayı minimallaşdırılmalıdır -TƏKLİF

Keçən bazar Bakı məktəblərində 9-cuların imtahanını canlı müşahidə elədim. Millət yağışın, suyun içində qalmışdı. Məktəblərin ağzı probka, icazəsiz mitinq. Valideynlər dalaşır, sürücülər böyürüşür, məhəllə sakinləri dingildəşirdi. Görəsən, məktəblərin darvazasını açıb bu kütləni həyətə buraxmaq çətin işdirmi? Nəyə mane olur? Bu nə mənasız tıxacdır? Xalqa niyə əziyyət verirsiniz, üstəlik, müqəddəs aprel ayında?
Ümumiyyətlə, mənə imtahanların dərə-təpəyə salınmasının anlamı həmişə maraqlı gəlmişdir. Binəqədidə yaşayan uşaq gedir Nərimanova. Nərimanovdakı Qaraçuxura. Qaraçuxurdakı Qobustana. Qobustandakı Zəngəzura. Elə bil pişik balası azdırırlar. Bəyəm hər uşaq öz xarabasında imtahan versə, təhsil idarəmizin, imtahan komissarlarının üzüyünün qaşı düşər? Onsuz nəzarətçilər həmin məktəbdən olmur, video ilə nəzarət var, polis var, hətta yanğınsöndürən və təcili yardım əlavə edilir. Bu dördqat müdafiə səddini yarıb imtahanda şuluq salmaq imkansızdır. İcazə verin hər uşaq öz məktəbində imtahan versin. “Doğma divarlar” həm də uşaqlara psixoloji yardımçı olar, güvən verər. Sovet vaxtı hamı girmək istədiyi ali məktəbdə imtahan verirdi, valideynlər də həyətdə gözləyirdi. Nəsə problem yaranmırdı. Yox, əgər məqsəd xalqın uşaqlarını mələtmək, analarını ağlar qoymaqdırsa, mən pas. Davam edin indiki kimi. Bir maraqlı təklifim də var, istəyirəm onu oxucularımızın ixtiyarına verim. Bizdə Elm və Təhsil Nazirliyi var, qəbul edirik, yəqin dövlətə lazımdır. Lazım olmasa niyə nazirlik olsun? Eyni zamanda uşaqların kütləvi şəkildə repetitor yanına getdiyini hamımız bilirik. Siniflər boş qalır, müəllimlər ağlaşır, direktorlar qayıbları silmək üçün pullaşır, uşaqlar kursa getmək üçün yollaşır, jurnalistlər ulaşır və sairə (axırıncını qafiyə üçün yazdım - oxuculara mədəni xidmət göstəririk). Lakin bu boyda repetitor institutunun, quruluşunun bir idarəsi yoxdur! Məncə, biz Repetitor Nazirliyi qayırmalıyıq. Vaxtıdır. Hələ gecikirik. Necə olur ki, yüz minlərlə insanı (müəllim-valideyn-uşaq-şofer və sairə) əhatə edən bu fəaliyyət növünün rəsmi nazirliyi, ya da ən azından dövlət komitəsi olmasın? Hüquqi boşluqdur. Təcili tənzimlənməlidir. Məsələn, ilkin olaraq repetitor yanına gedən uşaqların ağ və qırmızı tuman geyməsi tələbi qoyulmalıdır. Məktəbə gedən uşaqlardan fərqləndirmək üçün. Çox gülünc haldır ki, bizdə hava idarəsi var, siçan-pişik idarəsi var, pambıq, üzüm, quzu nazirliyi var, hətta mollaların idarəsi var, lakin repetitor kimi geniş yayılmış, faydalı peşəyə baxan (oxu: bakan) yoxdur. İndi söz əlaqədar təşkilatlarındır, məni bazar günü məktəbin ağzında soyuq vurub, yazını bitirməyə məcburam. Faktiki, özümü elm və təhsil fədaisi kimi hiss edirəm.
Bu fikirlərlə jurnalist, Yeni Müsavatda köşə yazarı Zamin Hacı çıxış edib. 

Məsələni dəyərləndirən təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, şagirdlərin imtahandan yüksək bal yığması birbaşa hazırlıq kurslarının, repititorların nəticələridir:  
                                                                                                           
"Konkret olaraq repititor instutunun, idarənin yaradılması doğru yanaşma deyil. Çünki bu özəl sahibkarlıq istiqamətidir. Bu sistem tək Azərbaycanda deyil, dünyanın bütün ölkələrində var. Çalışmalıyıq ki, hazırlıq kurslarının, repititorların geniş vüsət almasının qarşısını alaq. Bunun üçün profilaktik addımların atılması mümkündür. Belə ki, qəbul imtahanlarının forması dəyişdirilməlidir və fənlərin sayı minimallaşdırılmalıdır. Təəssüf ki, adiyyatı qurumlar buna məhəl qoymurlar. Sanki, onlara bu cür formanın kütləvi hal alması sərf edir. İmtahanların dərə-təpəyə salınması məsələsinə gəldikdə isə bu valideynlərin verdiyi qərarla bağlıdır. Çünki onlar övladlarını vaxtında qeydiyyatda olduqları ərazi üzrə məktəblərə yerləşdirmirlər. Onlar şəxsi kabinet üzrə səpələnmə verildiyi zaman qeydiyyatda olduqları və yaxud faktiki yaşadıqları əraziyə düşürlər. Bəzən isə  bilərəkdən imtahan yerlərində dəyişiklik olunur ki, köçürmə hallarının qarşısı alınsın. Yaxşı olardı ki, imtahan verən abituriyyentlər öz yaşadıqları yerdə imtahan versin. Ancaq bu zaman köçürmələrin qarşısını almağın nə dərəcədə mümkün olacağı bəlli deyil. Bəzən bölgələrdə imtahan keçirildiyi zaman tanış simalar köçürməyə cəhd edirlər. Hətta, köçürülməyə göz də yumulur ki, onun rəhbər olduğu ərazidə şagirdlərin nəticəsi yüksək olsun. Bu səbəbdən şagirdlərin səpələnmə formasında imtahan verməsinin tərafdarıyam".