Qarabağ Universiteti ilə bağlı proseslər davam edir. Artıq proqram rəhbərləri seçilib, bu həftə ərzində işə qəbul olunacaqlar.
”Sherg.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, Qarabağ Universiteti ilə bağlı müxtəlif proqramların məzmunu, tədris planı hazırlanır:
“Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılıb, artıq qəbul planı tam hazırdır. Universitetdə 6 fakültədə 10-dan artıq ixtisas üzrə tədris aparılacaq. İnfrastruktur istiqamətində də işlər davam edir”.
Nazir Qarabağ Universitetində əlavə vakant yerlərin açılacağını da diqqətə çatdırıb:
“Həmin ərazilərə köçürüləcək insanlar üçün texniki vakant yerlər, bütün ölkə üçün isə akademik vakant yerlər açılacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 11-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərindəki ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.