“Bu gün Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə təhsil haqları kosmik məbləğə çatıb”.
Bu fikri Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, ölkədə, xüsusilə də Bakıda kifayət qədər özəl məktəblər var:
“Amma həmin məktəblərin hərəsi bir təhsil haqqı müəyyən edib. Hətta məbləğ kosmik rəqəmlərə çatıb. Ümumiyyətlə, özəl məktəblərdə qiymətlər necə tənzimlənir? Məbləğ təyinatında hansı parametrlər əsas götürülür? Bu məsələyə aydınlıq gətirmək lazımdır”.
Məsələnio dəyərləndirən təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a söyləyib ki, dövlət təhsil müəsisələri ilə nisbətdə özəl məktəblərin sayı azdır:
"Hazırda 4 mindən çox dövlət təhsil müəsisəsi fəaliyyət göstərirsə, özəllərin sayı demək olar 100-ə çatmır. Əsas priotritet istiqamətlərimizdən biri o olmalıdır ki, şagirdlər özəl məktəblərə üstünlük verilsin. Belə olduqda rəqabət mühiti formalaşır, daha bacarıqlı şagirdlər meydana çıxır. Təbii ki, özəl təhsil müəsisələri ailələrin büdcələrini nəzərə almalıdır. Günümüzdə elə təhsil müəsisələri var ki, illik təhsil haqları çoxdur. Lakin bu göstərdikləri xidmətlərə görə hesablanır. Qeyd edim ki, servis xidmətindən tutmuş yemək haqqı, yataqxana kimi amillər təhsil haqqına daxildir. Paralel olaraq imtahanlar keçirilir, məktəbə daha təcrübəli müəllimlər cəlb olunur. Özəllər yalnız xarici ölkələrdəki təhsil alma mexanizminə görə, dövlət məktəblərini qabaqlayırlar. Digər mövzularda dövlət müəsisələri daha üstündür. Buna baxmayaraq, özəl məktəblərin illik təhsil haqları ilə bağlı mütləq nəzarət mexanizmi tətbiq olunmalıdır. Bir sözlə, ailə büdcəsi, məbləğin qarşılanma amili nəzərə alınmalıdır".