Uşaq məktəbə gedir ki, dərs oxusun, öyrənsin. Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gəlir?
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, indi istəyirlər ki, uşaqlar məktəbə getməsin, evdə otursun:
“Əgər məktəbəqədər təhsil müəssisələrin sayı əhatə dairəsinə görə Bakıda 25%, rayonlarda isə 10%-i keçmirsə, bu uşaq harda təhsil almalıdır? Hindistanda belə qanun var idi ki, ancaq varlılar oxuya bilər. Vətəndaş övladını evinə yaxın məktəbə gətirir, uşağın birinci sinifdən qeydiyyatdan keçirməyə böyük ansambıl düzülüb, müsabiqə keçirirlər. Nə müsabiqə keçirir? Harada göstərilib bu? Hansı qanunda göstərilib? Hərə özündən qanun qəbul edib, təhsilə mane törətməsin”.
Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, bu gün bütün səlahiyyətli şəxslər təhsilin inkişafı üçün əlindən gələni etməlidir:
“Xüsusilə orta məktəblərin təhsil sistemində çəkisini nəzərə alsaq, daha çox məhz bu sahəyə diqqət artırılmalıdır. Bu mənada heç bir səlahiyyətli şəxsin "uşaq məktəbə niyə gəlir" sualı verməyə haqqı yoxdur. Hamımız uşaqların məktəbdən yayınmasının yollarını araşdırmalı və problemləri həll etməyə çalışmalıyıq. Bu gün düzdür, ölkədə məktəbəqədər təhsil müəssisələri bütün şagirdləri əhatə edəcək qədər deyil. Bunun da bir çox səbəbləri var. Hazırda ölkədə çox güclü urbanizasiya gedir. Əhalinin böyük hissəsi Bakı-Abşeron rayonlarında yaşayır. İndi Elm və Təhsil Nazirliyi nəinki regionlarda yeni məktəbəqədər təhsil müəssəsi və məktəblər tikməyə çalışır, əksinə uşaq sayı az olan bir çox məktəblərin bağlanması və birləşməsi məsələsi müzakirə mövzusudur. Bu fonda qeyd etdiyim kimi digər bir problem yaranır. Şəhərlərdə məktəbəqədər və 1-ci sinifə qəbulda ciddi sıxlıq müşahidə olunur. Şagirdlərin məktəbə qəbulu elektron formada aparılsada, yenə də valideyinlər uşaqlarını özlərinə yaxın məktəbə qoymaqda çətinlik çəkirlər. Çünkü mövcud yerlər tez bir zamanda dolur, yeni siniflərin açılması isə otaq sayı imkan vermədiyinə görə mümkün olmur. Qaldı evdə təhsil almağa, heç bir təhsil məktəbdə təhsili əvəz edə bilməz. Evdə təhsil olmadan məktəb təhsili ola bilər, amma məktəb təhsili olmadan evdə təhsil sıfıra bərabərdir. Şagirdlərin təksə savad almasında deyil, sosiallaşması, tərbiyə alması və şəxsiyyət kimi formalaşmasıda məktəbin misilsiz rolu vardır. Hazırda şagirdlər arasında istər cəmiyyətdə və istərsə də, məktəbdə baş verən hadisələrə görə məktəbi, təhsili və müəllimi qınayanlar, bir də məktəbin və müəllimin olmadığı bir cəmiyyət düşünsünlər”.