Ekspert: Dövlət sosial həssas qruplara aid şəxslərin təhsil almasına imkan yaradır

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
  
Elçin Əfəndi: “Məqsəd daha geniş kateqoriyada təhsilin əlçatanlığını təmin etməkdir”
 
 
 Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu barədə məsələ Milli Məclisin dünən keçirilən iclasında müzakirə edilən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklikdə qeyd olunub. Dəyişikliyə əsasən, aşağıda qeyd edilən şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
- dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
- dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;
- dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər;
- dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər,
- dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
- dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;
- peşə təhsili müəssisəsində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;
- peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.
 Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Qanun layihəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır. Layihəyə əsasən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda 14.8-1-ci maddənin yeni redaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulan təhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeni imtiyazların qeyd edilən maddəyə əlavə edilməsi təklif olunur.
Yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a açıqlamasında “Təhsil haqqında” Qanuna edilən məlum dəyişikliyi mütərəqqi addım adlandırdı:

- Hamımıza məlumdur ki, dövlət siyasətinin əsas prioritetlərindən biri təhsilin inkişafı ilə yanaşı, onun əlçatanlığının da təmin edilməsidir. Və dövlət başçısı, cənab İlham Əliyev sosial həssas qruplara daxil olan vətəndaşların ödənişsiz təhsil almalarının təmin edilməsi məqsədilə indiyədək bir neçə sərəncamlar imzalayıb. “Təhsil haqqında” qanuna qəbul edilən dəyişikliklər də bi siyasətin davamıdır. Dövlət tərəfindən sosial həssas qruplara daxil olan şəxslər üçün müəyyən güzəştlər tətbiq olunur. Və həmin güzəştlərlə də onlar təhsil haqqından azad olunurlar. Məlum olduğu kimi, bura şəhid övladları, müharibə iştirakçılarının övladları,  məcburi köçkünlər, əlilliyi olan şəxslər və digər həssas qruplara aid şəxslər daxildir. Yeni dəyişiklikdə müharibə veteranlarının özləri dövlət hesabına təhsil alacaq şəxslər sırasına daxil edilib. Həmçinin aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər, yaş kateqoriyaları nəzərə alınan, yəni ümumilikdə bütün sosial həssas qruplara aid şəxslərin təhsil almasına dövlət imkan yaradır. Burada məqsəd ali və ya orta ixtisas, peşə təhsili almaq istəyən şəxslərin pulsuz təhsil almasını təmin etməkdir. Bu, 2024-2025-ci tədris ilində dövlət sifarişli ixtisasların daha çox olacağından xəbər verir. Məsələn, 2012-13-cü illərdə dövlət sifarişli plan yerlərinin ümumi sayı 30 min idisə, qanuna edilən bu yeni dəyişikliklə 2024-cü ildə 30 min abituriyentin  pulsuz təhsil alması təmin ediləcək. Ümumi plan yerlərinin üzərinə ödənişsiz təhsil alacaq sosial həssas qruplara aid 30 min tələbəni də əlavə etsək, görün nə qədər insan ödənişsiz təhsil imkanı əldə edir. Bu o deməkdir ki, tələbələrin 60-70 faizi təhsil ödənişindən azad olunur. Bu, təhsilin inkişafı baxımından, təhsil almaq istəyənlərin təhsilə əlçatanlığının təmin edilməsi baxımından mütərəqqi addımdır. Təhsilin əlçatanlığının təmin edilməsi təhsilin inkişafı, ali və orta ixtisas təhsilli vətəndaşlarımızın sayının artması, sosial həssas qruplara daxil olan şəxslərin iş imkanı əldə etməsinə hesablanıb. Bu baxımdan da qanuna edilən dəyişiklik mühüm əhəmiyyət kəsb edir və gələcəkdə müəyyən istiqamətlər üzrə təhsildə yüksək faydalılığın artırılmasına təkan verəcək.