Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.
Bu barədə APA-ya DİM-dən xəbər verilib.
Dövlət qulluğuna qəbul imtahanı
Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron qaydada təşkil olunacaq.
İmtahanda iştirak üçün 117 namizəd qeydiyyatdan keçib.
Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
İmtahan saat 11:00-da başlanır. Namizədlər saat 10:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 5, AC qrupu üzrə 17, BA qrupu üzrə 65, BB qrupu üzrə isə 254 olmaqla, ümumilikdə 341 namizəd qeydiyyatdan keçib.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı (AB, AC və BA qrupları) iştirakçıları bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
Kağız daşıyıcılar vasitəsilə keçiriləcək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) imtahanı iştirakçıları isə buraxılış vərəqəsini buradan çap edirlər.
Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.