Dövlət proqramı savadlı və bacarıqlı gənclərin bu imkandan yararlanması üçün əvəzedilməz fürsətlər yaradır
“Bu həm də, ölkəmizin və mədəniyyətimizin tanınması, Azərbaycanın təhsil sahəsinə nə dərəcədə önəm verməsinin beynəlxalq müstəvidə göstərilməsi üçün çox əhəmiyyətlidir”
“Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində dünyanın ən qabaqcıl universitetlərinə qəbul olunan yerli tələbələrin sayında xeyli artım var”.
Bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırma mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, 220 nəfər sənəd verən Azərbaycan vətəndaşından 77-si dünyanın top-10 universitetinə daxil olub.
“Dünyanın tanınmış universitetlərinə - Harvard və digər nüfuzlu ali təhsil müəssisələrinə tam təqaüdlə qəbul olan tələbələr və məzunlarımız var. Nazirliyin qarşısında duran ən önəmli iş Azərbaycan vətəndaşı olan yeni nəsil gənclərin uğurlu yetişdirilməsidir”.
Ekspertlər də hesab edir ki, dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclər ölkəmizin intellekt potensialıdır.
Uzunmüddətli investisiya olaraq Azərbaycan gənclərinin məhz nüfuzlu universitetlərdə təhsil almalarını təmin etmək lazımdır. Çünki nüfuzlu xarici universitetlərdə yüksək təhsil almaq geniş və aydın perspektiv vəd edir.
Həmçinin qeyd edilir ki, Dövlət Proqramı ölkənin ümumi təhsil səviyyəsini artırmaq, gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarını genişləndirmək, potensial kadrlar hazırlamaq və uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının inkişafı yolunda atılmış əhəmiyyətli bir təşəbbüsdür.
Maraqlıdır, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı gənclərin sayının artması ölkəmizdəki təhsilin inkişafı ilə bağlıdırsa, bəs niyə ölkəmizdə hiss olunmur bu inkişaf?
Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayının 40 minə yaxın olduğunu vurğulayan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır.
Ekspert “Sherg.az”a açıqlamasında onu da qeyd edib ki, xaricdə təhsil alan gənclərin böyük əksəriyyəti heç də dünyanın nüfuzlu universitetlərindən məzun olmurlar:
“Ümumiyyətlə, xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərlədir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstan kimi ərazilərin universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri-qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə, iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər. İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün onlar xarici ölkələrə üz tuturlar. Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan və digər Avropa ölkələrinin universitetlərinə üz tuturlar və seçdikləri ixtisaslar tibb, Kompüter və ya informasiya texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur.
Üçüncü kateqoriyanı isə Azərbaycan Respublikası Prezidentinin 2007-2015-ci və 2022-2026-cı illəri əhatə edən Xaricdə təhsil Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər təşkil edir. Bu proqram çərçivəsində daha çox azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülür. Xaricdə Təhsil proqramı ilə gəncləri daha çox müəyyən edilmiş prioritet ixtisaslar: - Beynəlxalq münasibətlər, Tibb, Baytarlıq, Kənd təsərrüfatı, Mühəndislik, Yüksək texnologiyalar, Qədim dillər ixtisasları əhatə edir.
Dövlət Proqramının əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu nəzərə alsaq, qeyd olunun ixtisaslar çox vacibdir.
Amma 2007-2015-ci illərdə xaricdə təhsil proqramı çərçivəsində qəbul edilmiş 3500 nəfərin təhsil xərclərinə 90 milyon manatdan çox vəsait ayrılsa da, tam şəkildə proqramın effektivliyini əmək bazarında müşahidə etməmişik. Belə ki, daha çox dövlət orqanları üçün nəzərdə tutulmuş kadrlar əmək haqqının azlığı və perspektivin olmaması ucbatından özəl sektorda çalışmağa üstünlük verirlər”.
K.Əsədovun fikrincə, heç də xarici ölkələrdə təhsil almış şəxslər yerli universitetlərimizin məzunlarından savadlı, bacarıqlı deyillər:
“Sadəcə olaraq xarici ölkələrdə təhsil alanların İKT bacarıqları, xarici dil bilgiləri və hadisələrə praqmatik yanaşmaları fərqlənə bilər. Ölkəmizdə də kifayət qədər savadlı və bu cür universitetlərdə təhsil almaq bacarığına malik gənclər olsa da, maliyyə səbəbindən bu fürsətlərdən yararlana bilməyənlərin sayı çoxdur. Dövlət proqramı savadlı və bacarıqlı gənclərin bu imkandan yararlanması üçün əvəzedilməz fürsətlər yaradır. Eyni zamanda xarici ölkələrdə yaşayıb təhsil alan tələbələr buradakı şirkətlərdə təcrübə proqramları keçərək qazandığı təcrübələri Azərbaycana qayıtdıqdan sonra müvafiq qurumlarda tətbiq edə biləcəklər.
Artıq dünyanın inkişaf etmiş ölkələrinin yüksəkreytinqli universitetlərində təhsil alan yüzlərlə azərbaycanlı tələbə ölkəmizi təmsil edir. Bu həm də, ölkəmizin və mədəniyyətimizin tanınması, Azərbaycanın təhsil sahəsinə nə dərəcədə önəm verməsinin beynəlxalq müstəvidə göstərilməsi üçün çox əhəmiyyətlidir. Lakin çox təəssüf ki, bu uğurlara rəğmən biz hələ də rəqabətədavamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasında, təhsilin, səhiyyənin, turizmin, nəqliyyatın, kənd təsərrüfatının inkişafına, qida ehtiyatı və qida təhlükəsizliyinin formalaşmasında onların rolunu, fəaliyyətini görə bilmirik.
“2022-2026-cı illər üçün xaricdə təhsil üzrə Dövlət Proqramı”nın icrasının qənaətbəxş vəziyyətdə olduğunu vurğulayan K.Əsədov hesab edir ki, onun sayəsində gənclərimiz dünyanın ən yaxşı universitetlərində təhsil ala bilirlər: “Sadəcə olaraq prosesi daha əlçatan vəziyyətə gətirmək daha yaxşı olar. Ən əsası isə ölkədə iş mühiti şəffaf olmalıdır ki, təhsil üçün xaricə göndərilən tələbələr qayıtdıqdan sonra ölkəmizdə işləyib, öz bilik və bacarıqları ilə Azərbaycana töhfə versinlər. Bunun üçün də işlə təmin olunma mexanizminin təkmilləşdirilməsi və ehtiyac duyulan ixtisaslar üzrə müvafiq çərçivənin konkretləşməsi lazımdır”.