“Odur ki, internetsiz və kompütersiz sinif, auditoriya, bunları bilməyən müəllim qalmamalıdır”
Bizim müəssisələrimizdə problemyönümlü, hansısa keyslər üzərində qurulmuş, praktik yönümlü təhsillə bağlı ciddi problemlərimiz var.
Bunu qurumun rəsmi saytına müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib. Direktor qeyd edib ki, bu da bizə sovet dövründən miras qalıb: "Hətta elmi istiqamətdə belə, nəzəri sahə ilə məşğul olmaq o halda düzgündür ki, sizin yaratdığınız nəzəriyyə dünya tərəfindən qəbul edilsin. Əgər alim görürsə ki, onun nəzəriyyəsi fundamental əhəmiyyət daşımır, dünya bunu tanımır, həmin adam elmdən qaçmamalı, sadəcə olaraq daha çox tətbiqi sahələrlə məşğul olmalı, bugünkü iqtisadiyyatın çətinlikləri, çağırışları, cəmiyyətin problemlərinin həlli üçün elmi yollar təklif etməlidir.
Tələbə bütün günü yazıb, əzbərləyib, sonra da onu danışıb qiymət alırsa, oradan tətbiqə gəlib çıxmaq çox uzun yoldur və demək olar ki, mümkün deyil. Biz innovativ təhsil metodlarını akkreditasiya meyarlarına da daxil etmişdik və çox önəmli məsələdir. Müəllimin danışıb, hamının susduğu ənənəvi dərs metodundan uzaqlaşmalıyıq. Komanda işləri, araşdırma yönümlü dərslər təşviq edilməlidir. Mənə elə gəlir ki, bizim xüsusi işləri gündəmə gətirən univesitetlərimiz də var və fərqli yanaşmalar ortaya qoyurlar. Bu da birdən-birə baş verən proses deyil və getdikcə ölkə üzrə paylanır.
Sizə deyim ki, əslində, bu proses dünyada da belədir. Bütün universitetlərin baxışı, siyasəti, məqsədləri eyni deyil. Elə universitetlər var ki, özünü daha çox tətbiqi sahədə görür və əmək bazarına yaxın olması ilə seçilir. Digəri deyir “mən fundamental nəzəriyyələrin, böyük elmin ocağıyam”. Başqası innovativ təhsil metodları ilə kadr hazırlamağı üstün tutur".
Təhsil eksperti Kamran Əsədov da hesab edir ki, Azərbaycan ali təhsil müəssisələrində ciddi şəkildə struktur islahatlarına, məzmun dəyişikliklərinə ehtiyac var. Ekspert “Sherg.az"a açıqlamasında deyib ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz:
“Universitet modelinin müəyyən edilməsi cəmiyyətin inkişaf səviyyəsi və təhsilin qarşısına qoyduğu tələblərdən asılıdır. Model dedikdə “universitetdə tədris prosesinin idarə edilməsinin təşkili və reallaşması üsulu” nəzərdə tutulur.
Universitetlərdə dərsləri adətən uzun müddət öncə yazılmış kitablardan tədris edirlər. Lakin kimsə onları oxumaq istəmir. Müəllimlər tələbələri dərslərdən, ixtisaslarından soyutmamaq üçün elmi onlara maraqlı olacaq şəkildə çatdırmağa çalışmalıdır. Yeni təhsil modelində rəqəmsal texnologiyalar, elmi nailiyyətlər və müasir biznesin tələbləri vəhdət təşkil edir. Təhsil öz sələflərinin fəaliyyətindən köklü şəkildə fərqlənərək, yeni məzmun kəsb edir. Burada ənənəvi təhsil distant təhsil ilə bir-birini tamamlayır, təhsildə mentorluq və adaptivlik artır, əks-əlaqəyə üstünlük verilir, tələbələr müəllimlərlə birlikdə tədqiqat prosesinə cəlb olunurlar.
Müəllim-tələbə əməkdaşlığı isə tələbələrin tədqiqatçılıq fəaliyyətinin ilkin şərtidir. Universitetlərdə tədris prosesində yeni innovativ metodların tətbiqi tələbələrdə tədqiqatçılıq bacarıqlarının formalaşması üçün geniş imkanlar açır. Müasir təlim konsepsiyaları tələbələrə hazır bilik vermək deyil, onların müstəqil olaraq bilik əldə etməsi üçün şəraitin yaradılmasını tələb edir. Tələbəni müstəqil bilik əldə etmə prosesinə cəlb etdikdə müəllimin yeni, mentorluq funksiyası meydana gəlir. Mentorluq funksiyası tələbənin müstəqil olaraq bilik əldə etməsinə, səriştələrə yiyələnməsinə rəhbərlik etməkdir. Əməkdaşlıq prosesində fərdiləşmiş təhsili həyata keçirərək, tələbəyə informasiya əldə etməyin yollarını, rəqəmsal öyrənmə vasitələrindən istifadə etmək bacarıqlarını, tələbələr arasında əməkdaşlığı, müəllim və tələbə arasında əks əlaqəni təşkil etmək üçün yeni yolları açılır”.
Ekspertin sözlərinə görə, müəllim-tələbə əməkdaşlığı mühazirə məşğələlərində dialoq, əqli hücum, problem situasiyasının yaradılması və bu kimi metodlardan istifadə etdikdə tələbələr yeni biliyi “kəşf” edə bilirlər: “Məşğələnin belə təşkili tələbələrdə analiz, sintez, müqayisə etmə, sistemləşdirmə, modelləşdirmə, ümumiləşdirmə, nəticə çıxarma və bu kimi əqli əməliyyatların inkişafına təkan verir. Tədqiqatlar innovativ məzmun daşıdıqca universitetdə yeni biliklərin yaranma prosesi reallaşmağa başlayır. Məsələn, Amerikanın, Yaponiyanın və başqa ölkələrin tədqiqat universitetləri məhz belə fəaliyyət sayəsində yeniliklərə imza atırlar. Bu gün dünyanın inkişafına nəzərəçarpacaq təsir edəcəyi gözlənilən “süni intellekt” ideyası universitetlərin bu cür fəaliyyəti nəticəsində yaranıb.
“Artıq yeni GPT4o çıxıb. Bu sistem imkan verir ki, artıq biz Süni intellektlə istədiyimiz formada söhbət aparaq. Bu sistem o qədər insana yaxındır ki, bəzən onun Süni intellekt olduğunu unuda da bilərik. Belə bir məqamda bizim elektron poçt hesabı aça, istifadə edə bilməyən, kompüterdə işləməyi bacarmayan müəllimlərimiz tələbələrin gözləntilərini qarşılaya bilməz.
Odur ki, internetsiz və kompütersiz sinif, auditoriya, bunları bilməyən müəllim qalmamalıdır”.