Keçid balları artacaq? - Abituriyentlərin NƏZƏRİNƏ

Yüksək nəticələrə görə gənclərimiz narahat olmasın

Bu ildən ölkəmizdə Qarabağ Universiteti, Türkiyə-Azərbaycan, İtaliya-Azərbaycan kimi yeni ali təhsil müəssisələri fəaliyyətə başlayacaq

  Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq. Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib. DİM sədri bildirib ki, ixtisasa müraciət edənlərin sayı da keçid balına təsir edən məsələdir:
“Builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək. Azərbaycanda bu il iki yeni universitetə də qəbul olacaq. Bu mənada, balların artması yüksək prestijli ixtisaslarda ola bilər, amma bunu konkret demək çətindir".
  Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, builki buraxılıq imtahanlarının nəticəsinə görə ən çox yüksək bal toplayan abituriyentlər 1-ci və 2-ci ixtisas qrupu üzrə hazırlaşan şagirdlərdir. Bu da onu deməyə əsas verir ki, məhz daha yüksək bal toplayan abituriyentlər blok imtahanında da bu ardıcıllıqla digər ixtisas qrupları ilə fərq yaradacaqlar:

“Mart ayının 3-də və 10-da keçirilən imtahanlarda maksimum balı (300) toplayan 53 abituriyenti 2 həftədən sonra çox çətin imtahanlar gözləyir. Ümumiyyətlə, blok imtahanları olduqca həssas imtahandır.
  Ən az 50 bal toplanmalıdır ki, minimum 150 ballıq ixtisas seçimində iştirak etmək şansı qazana bilsinlər. Ümumilikdə isə abituriyentlər 100 bal limitini aşdıqdan sonra dövlət sifarişli ixtisaslara, eləcə də bütün ixtisasların müsabiqəsində iştirak edə bilərlər. Bütün bunlara baxmayaraq buraxılış imtahanlarının nəticəsi birinci ixtisas qrupunda gərgin müsabiqə olacağını qaçılmaz edir. Xüsusən Komputer mühəndisliyi, İnformasiya təhlüksizliyi, Riyaziyyat müəllimliyi kimi ixstisaslarda müsabiqə şərtləri çox ciddi olacaq”.
  Bununla belə ekspert hesab edir ki, imtahanda göstərilən yüksək nəticələrə görə gənclərimizin narahat olmasına dəyməz: “Bu ildən ölkəmizdə Qarabağ Universiteti, Türkiyə-Azərbaycan, İtaliya-Azərbaycan kimi yeni ali təhsil müəssisələri fəaliyyətə başlayacaq. Bundan əlavə, ADA və BDU kimi təhsil müəssisələrində yeni ixtisaslar üzrə qəbul planı həyata keçiriləcək”.