“Korrupsiya ilə mübarizə sahəsində qanun qəbul etmişik, amma bununla bağlı profil qurum Milli Məclisə hesabat vermir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, bizdə polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır: “Hərbidə olduğu kimi, polis kollecləri də yaradılmalı, qəbul testlə olmalıdır. Belə olmasa, onlar nə öz hüquq və vəzifələrini, nə də vətəndaşın hüquq və vəzifələrini mənimsəyə biləcək”.
Deputat deyib ki, insan alverinə dair və bu kimi hesabatlar Milli Məclisin profil komitəsində müzakirə edilməlidir: “Əgər hansısa məqam olarsa, plenar iclasda müzakirəyə çıxarıla bilər”.
Qüdrət Həsənquliyev əlavə edib ki, Milli Məclisdə verilən hesabatlar qeyri-qənaətbəxş hesab olunarsa, həmin qurumun başında duran şəxs və ya Hesablama Palatasının auditorları istefa verməlidir.
Təhsil eksperti Elşən Qafarov “Sherg.az”a açıqlamasında bildirib ki, təklif təqdirəlayiqdir:
"Xüsusi təyinatlı ali təhsil müəsisələri arasında hərbi akademiya və orta ixtisaslı elm mərkəzləri mövcuddur. Polis Akademiyası ali təhsilli polis kadrlarının hazırlanması ilə məşğuldur. Eyni zamanda, burada çavuş olmaq istəyənlər üçün altı aylıq kurslar var. Bütün sahələrdə olduğu kimi, polis sıralarında da daha savadlı, bilik-bacarıqları yüksək olan şəxslərə ehtiyacımız var. Polis nəfərlərimizin intelektual səviyyəsi əvvəlki dövrə nisbətdə inkişaf edib. Sözügedən ideya gerçəkləşərsə, orta ixtisaslı polisləri, çavuşları burq cəlb etmək olar. Bunun da xüsusi effekt verəcəyindən əminəm. Təhsil heç vaxt ziyan gətirmir. Xüsusi təyinatlı təhsil müəsisələrinin, orta və kiçik heyyətin təhsilə cəlb edilməsi müsbət nəticələnəcək".