Doktoranturada tələb olunan fəlsəfə imtahanının heç bir əhəmiyyəti yoxdur
Elm və təhsil naziri Emin Əmrullayev doktorantura proqramlarında köklü dəyişiklik edilməsini vacib sayır. VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxış edən nazir doktorantura pilləsi və elmi-tədqiqat işlərinin mövcud durumu barədə danışıb. Nazir qeyd edib ki, doktorantura proqramlarında əsaslı dəyişiklik edilməlidir:
- Azərbaycanda doktorantura tələbəsi bu və ya digər formada təlim almır. İki, beş ilə alim yetişdirmək mümkün deyil və burada səbirlə işləmək lazımdır. Bizim doktorantura tələbəsi magistraturanı bitirmiş bir mövzu ətrafında dissertasiya işi yazan şəxsdir. Əgər nisbətən irəliyə doğru gedən sistemlərə baxsaq, orada 3 il ərzində tələbə əsaslı şəkildə doktorantura proqramında təhsil alır, alətləri öyrənir, sonra tədqiqata başlayır. Ona görə də proses 5-6 il çəkir. Kredit əsaslı doktorantura proqramlarının yaradılması üçün tədqiqat, layihələrin maliyyələşdirilməsi, xaricdən alimlərin gətirilməsi, jurnalların, elmi mobilliyin maliyyələşdirilməsi alətlərini verilmiş maliyyə əsasında Azərbaycan universitetlərinə təqdim etməyə çalışırıq.
Emin Əmrullayev Prezidentin müvafiq fərmanları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində doktorantura təhsili alan məzunların sayının 10-dan az olduğunu deyib. Bildirib ki, növbəti 2-3 ildə bu məzunların sayı yüzlərlə olacaq: “İnanıram ki, onlar ali təhsil müəssisələrində tədqiqat işlərini irəli aparmağa nail olacaqlar. 2022-ci ildə başlayan xaricdə təhsil proqramı vasitəsilə 100-ə qədər vətəndaşın top 10 universitetə qəbul olması gözlənilir. Onların təhsili Azərbaycan tərəfindən maliyyələşdiriləcək”.
Nazir bildirib ki, tədqiqat institutları ilə ali təhsil müəssisələri müstəqil fəaliyyət göstərirlər. Azərbaycanda 130-dan artıq elmi-tədqiqat institutu var. Böyük Britaniyada cəmi 28-29 laboratoriya var. Bu, elmə münasibəti göstərən rəqəmdir. Nazir mövcud durumu analiz edərək çatışmazlıqları vurğulayıb: “Biz ən yaxşı halda çox ixtisaslaşmış mütəxəssis hazırlaya bilirik. Amma tədqiqatçı hazırlaya bilmirik. Ölçmə baxımından universallıqdan, müxtəlif sahələrin birgə tədqiqata cəlb olunmasından geri qalacağıq. Qarşıdakı məqsəd inteqrativliyi təmin etməkdir. Tədqiqat bu gün müxtəlifliyi, hərtərəfliliyi tələb edir. Bir çox hallarda müasir elmi tədqiqat ali təhsil müəssisəsi ilə elmi-tədqiqat institutunun bir-birindən ayrılmasını təsəvvür edə bilmir. Elm olmadığı halda tədrisi təşkil etmək olmur”, - deyə nazir qeyd edib.
Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, doktorantura pilləsi çox vacibdir. Lakin son illərdə Azərbaycanda doktoranturaya qəbul prosesi o qədər də ürəkaşan deyil:
- Birincisi, dövlət təyinatlı plan yerlərinin boş qalması, ikincisi isə doktoranturaya qəbulun şəffaf olmamasıdır. Elmi təşkilatlar və müəssisələr doktoranturaya qəbul prosesini şəffaf həyata keçirmir, biz ciddi şəkildə ixtisas imtahanları zamanı pozuntular aşkar edirik. Ümumilikdə doktorantura pilləsinə qəbul qaydaları fərqli formatda həyata keçirilməlidir. İddiaçının minimum yalnız xarici dil bilikləri yoxlana bilər. Çünki gələcəkdə elmi tədqiqat işlərində xarici dil bilikləri doktoranta lazım olur, ondan istifadə etməli olur. Amma tələb olunan fəlsəfə imtahanının heç bir əhəmiyyəti yoxdur. Daha çox kimin elmi məqalələri varsa, kim tədqiqat aparmaq istəyirsə, o şəxslər rahat bir şəkildə doktoranturaya qəbul olunmalıdırlar. Doktorantura pilləsini bitirib elmi iş müdafiə edənlərin sayı çox azdır. Uzun illər ərzində dissertasiya işlərinin həyata keçirilməsində nöqsanlar aşkar edirik. Gənclərin elmə gəlməsinə süni maneələr yaradılır. Ona görə də doktoranturaya qəbulda format dəyişməlidir. Bu gün Azərbaycanda elmlər doktoru adını almış 30 yaşdan aşağı şəxs yoxdur. Süni inzibati əngəllər gənclərin elmə gəlişini əngəlləyir. Müdafiə olunan elmi işlər müasir dövrün tələblərə cavab vermir. Nazir doğru deyir ki, keyfiyyət əmək bazarının tələblərinə uyğun deyil. Ona görə də doktoranturaya qəbulda da mərkəzləşmiş imtahanlar olmalıdır. İmtahanları institutlara, elmi mərkəzlərə həvalə etmək olmaz. Onlar özlərinə lazım olan, amma elmə lazım olmayan adamları seçirlər.