Məktəblərdə yoxlamalar davamlı aparılacaq. Məqsəd məktəblərə nizam-intizamın qaytarılmasıdır. Bu yoxlamalar iki istiqamətdə aparılır.
Bunu "Yaşıl Artım" Gündəliyində Təhsil konfransında jurnalistlərə açıqlaması zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, yoxlamaların birinci istiqaməti daha çox məktəblərə kömək etmək məqsədi daşıyır: "Əsas odur ki məktəblərdə sənədlər, inzibati qaydalara uyğunluq yerində olsun. İkinci istiqamət üzrə monitorinq və yoxlamalar isə Nazirliyin daxili nəzarət şöbəsi tərəfindən aparılır. Bu, daha çox qəbuledilməz kateqoriyalardan olan ciddi qanun pozuntularını əhatə edən yoxlamalardır. Bu yoxlamalar davamlı olacaq. Çalışırıq ki, Nazirliyin regional idarələri də bu yoxlamalarda yaxından iştirak etsinlər. Təbii ki, ölkədə fəaliyyət göstərən 4400 orta məktəbi eyni anda yoxlamaq və onlara nəzarət etmək qeyri-mümkündür. Amma biz müəyyən alqoritm əsasında bu yoxlamaları həyata keçiririk".
Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında deyib ki, burada söhbət orta məktəblərdə təhsilin səviyyəsindən tutmuş, kadr potenisalına, həmçinin orta məktəblərdə maliyyə işlərinəcən bütün istiqamətlərin total qaydada yoxlanılmasından söhbət gedir: “Monitorinqlərin məqsədi də nazirin qeyd etdiyi kimi təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsidir”.
Ekspert həmçinin qeyd edib ki, orta məktəblərdə özəl ictimai təşkilatların, QHT-nin yoxlamalar aparmasına, sorğular keçirməsinə imkan verilməli, orta məktəblərin ictimaiyyətə əlçatımlılığı təmin edilməlidir: “Sadəcə, nazirliyin yoxlamaları ilə şəffaflığın təmin olunması mümkün deyil. Orta məktəblərin əksəriyyətində müəllim və direktorlarla şagirdlərin münasibəti bərbad hala gəlib çıxıb. Görünür, həmin məktəbin müəllimləri tərbiyənin, milli adət-ənənənin təbliğində, şagirdlər arasındakı münasibətlərin normallaşmasında maraqlı deyillər”.
Qeyd edək ki, bu günlərdə Bakı şəhəri 25, 81 və 203 nömrəli tam orta məktəblərdə aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları vəzifələrindən azad edilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Elm və Təhsil Nazirliyinin rəsmi qəzetinə bildirilib ki, yoxlamalar zamanı 25 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərnəklərin fəaliyyətinin düzgün təşkil edilmədiyi və məktəb sənədlərinin qaydalara uyğun tərtib olunmadığı müəyyən edilib. Eyni zamanda texniki işçinin əməkhaqqından digər işçilərə ödəniş verildiyi aşkarlanıb.
81 nömrəli tam orta məktəbdə dərsə davamiyyətin zəif olması, dərnəklərin tədris edilmədiyi, zəruri dərs saatlarının bölünmədiyi, fərdi təhsilin düzgün aparılmadığı məlum olub. Məktəbdə, eyni zamanda kiçik xidmətedici işçilərin öz vəzifələrini icra etmədikləri, təsərrüfat işləri üzrə direktor müavininin uzun müddət onun tabeliyində gözətçi işlədiyi aşkar edilib.
203 nömrəli tam orta məktəbdə aparılan yoxlamalara gəlincə, müəyyən edilib ki, dərsdənkənar məşğələlər düzgün təşkil edilməyib, məktəb sənədləri qaydasında deyil. Həmçinin təsərrüfat işləri üzrə direktor müavininin həyat yoldaşının onun tabeliyində ocaqçı vəzifəsində çalışdığı, texniki işçilərin gündəlik davamiyyətinin olmadığı və təhsil müəssisəsində repetitorluq fəaliyyətinin olduğu müəyyənləşdirilib.