Professor deyir ki, bu təhsil ocağı regionun aparıcı ali məktəbi statusunu qazanması üçün bütün imkanlara sahibdir
Bu il Qarabağ Universitetinə ilk qəbul aparılacaq, ali məktəblərə qəbul imtahanı verən abituriyentlər Xankəndidəki universiteti də seçə biləcəklər. Qarabağ Universiteti də yeni tədris ilində tələbələri qarşılamağa hazırlaşır. Universitetə bir sıra təyinatlar olub. Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib. Qeyd edək ki, Şahin Bayramov bundan əvvəl Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsini icra edirdi.
Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinə fakültə dekanları da (proqram rəhbərləri) seçilib. Universitetin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə dekan Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə dekan Elmar Mustafayev, İncəsənət fakültəsinə isə dekan Türkər Qasımzadə təyin olunub. Həmçinin hüquq üzrə böyük mütəxəssis və insan resursları üzrə mütəxəssis vəzifələrinə vakansiyalar elan olunub. Məlumdur ki, fəaliyyətə başlayan Qarabağ Universitetində təhsil alacaq tələbələrə bir sıra güzəştlər tətbiq edilir. Ödənişsiz təhsil, yataqxana, dərsliklər, müasir texniki vasitələrlə təminat, təqaüd universitet tələbələrinə əlavə imkanlar açır. Qarabağ Universitetinin gələcəyi barədə də müxtəlif təkliflər irəli sürülür. Millət vəkili Fazil Mustafa Qarabağ Universitetinin fərqli modeldə fəaliyyət göstərəcəyinə ümid etdiyini deyib. SİA-ya açıqlamasında millət vəkili bildirib ki, format Qarabağ Universitetinin Nazarbayev Universiteti formatında olması idi: "Deyəsən, bu xətt izlənmədi. Daha çox mən xaricdən tanınmış mütəxəssislərdən birinin gəlib yeni bir universitet modeli qurmasını düşünürdüm. Elə Türkiyə-Azərbaycan Universitetinə də baxışım budur. Biz hansı universiteti yaratmaq istəyirik? Bunun üstündə düşünməliyik. Ənənəvi universitet sayını artırmaq üçün yaradılan universitet modelinə keçirik, yoxsa yeni, fərqli və brend bir universitetə çevrilmək istəyirik. Hələ ki, bunun izlənimləri bir qədər düşündüyüm formada olduğunu söyləməyə imkan vermir. Ümid edək ki, yüksək səviyyəli bir universitet yaranacaq. Amma hər halda bu mövzu ətrafında düşünülməlidir ki, biz universitet sayını artırmaq üçün universitet yaratmırıq. Daha çox yeni bir model, universitet yaradırıq. Qafqazda necə ki, lider mövqeyimizi qoruyuruq, universitet liderliyi mövqeyimizi də fərqli şəkildə göstərməliyik. Bu universitet Gürcüstan və Ermənistanda olan universitetlərdən daha yüksək səviyyəli universitetə çevriləcəksə, bu bizim böyük qazancımız olacaq. Əgər adi Azərbaycan universitetləri formatında düşünüləcəksə, onda bunun perspektiv olaraq necə faydası olacağını söyləməkdə çətinlik çəkirəm".
Azərbaycan Prezidenti yanında Dövlətçilik və İdarəetmə Akademiyasının professoru Həvva Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Qarabağ Universiteti regionun aparıcı ali məktəbi statusunu qazanması üçün bütün imkanlara sahibdir:
- Əvvəla, mən Xankəndidə Qarabağ Univeristetinin fəaliyyətə başlaması münasibətilə xalqımızı, dünya azərbaycanlılarını təbrik edirəm. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında “Böyük Qayıdış” proqramı uğurla icra olunur, Qarabağ Universitetinin yaradılması haqqında Prezident tərəfindən imzalanan sərəncam da bu proqramın tərkib hissəsi idi. Universitetə rektor təyin olunub, kafedralar yaradılıb, ixtisaslar müəyyənləşib, dekan təyinatları olub. Bunlar hamısı növbəti tədris ilinə hazırlıqdır və Qarabağ Universiteti 2024-2025-ci tədris ilində ilk tələbələrini qəbul edəcək. Bu, tarixi bir hadisədir. Qarabağın daşıdığı tarixi əhəmiyyət çox böyükdür və orada təhsil alacaq tələbələr də, çalışacaq pedaqoji kollektiv də hansı tarixi hadisənin bir parçası olduqlarını dərindən dərk etməlidirlər. Hesab edirəm ki, Qarabağ Universiteti bütün digər ali məktəblərə örnək olmalıdır. Həm tədris baxımından, həm tələbələrə təqdim edilən imkanlar baxımından, yeniliklər, müasir tədris metodlarından istifadə baxımından. Bu universitet regionda lider olmağa səy göstərməlidir.
H.Məmmədova bildirdi ki, Qarabağ Universitetində ixtisaslar əhatə baxımından genişdir:
- Məsələn, turizm, musiqi ixtisasları da var. Bilirsiniz ki, mən Xankəndi Pedaqoji İnstitutunu bitirmişəm. Bu institut Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə yaradılmışdı. Amma o zamanlar fərqli idi. Təbii ki, Pedaqoji İnstitutda yuxarıda sadaladığım ixtisaslar yox idi. İndi isə vəziyyət tamamilə fərqlidir. Və cənab Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Qarabağ Universitetində müasir dövrün tələblərinə uyğun ixtisasların sayı da xeyli artırılıb. Tələbələrimiz müxtəlif ixtisaslar üzrə ali təhsil ala biləcəklər. Hamımızın istəyi budur ki, Qarabağ Universiteti digər ali məktəblərdən müsbət mənada fərqlənsin, burada yüksəkixtisaslı kadrlar yetişsin. Şübhəsiz ki, Qarabağ Universiteti ilə xarici ölkələrdəki ali təhsil müəssisələri arasında təcrübə və tələbə mübadiləsi aparılacaq, birgə elmi müzakirələr keçiriləcək. Və bunlar bizim ali təhsilimizin səviyyəsinə, yüksəkixtisaslı kadr hazırlığına müsbət təsirini göstərəcək.