Şuşa Real Məktəbinin fəaliyyət istiqamətləri bəlli olub.
APA xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Şuşada jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, Şuşa Real Məktəbi həcm etibarilə Şuşanın ən böyük tarixi abidəsidir:
“Burada bərpa işləri aparılır. Bizim planlarımıza görə, 2026-cı ildə orada təhsil başlayacaq. Daha çox incəsənət və mədəniyyət istiqamətində ixtisasların olması planlaşdırılır. Eyni zamanda, bu müəssisə orta ixtisas və ali təhsil verən qurum olaraq fəaliyyət göstərəcək".
Nazir əlavə edib ki, bura orta məktəb olmayacaq:
“Təhsil müəssisəsində ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək. Şuşadakı bütün təhsil müəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq, filial və ya kollec formasında ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fəaliyyətini qaydaya qoyduqdan sonra bu barədə daha çox şey deyə bilərik”.