Ekspert: Əcnəbi tələbələrin üstünlük verdiyi tibb ixtisasıdır

Səbəb digər ölkələrdə tibb üzrə illik təhsilhaqqının yüksək olmasıdır

Əcnəbi tələbələrin üstünlük verdiyi digər sahə neft-qaz ixtisaslarıdır
 

 Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2021/2022-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan, xarici ölkələrdən olan tələbələrin sayı 5765 nəfər, 2022/2023-cü tədris ilində 6223 nəfər, 2023/2024-cü tədris ilində isə artaraq 6 680 nəfər olub. Bu sırada ilk üçlükdə 3 021 tələbə ilə Türkiyə, 1 069 tələbə ilə İran, 609 tələbə ilə Rusiya dayanır. “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova isə deyib ki, ölkəmizdə təhsil alacaq əcnəbi tələbələrin sayının gələn il daha 1000 nəfər artırılması həfədlənib. Ü.Səttarova bildirib ki, hazırda ölkəmizdə 10 min əcnəbi tələbə təhsil alır: “Onlar bir qayda olaraq ali təhsil müəssisələrimizə müsabiqədənkənar qəbul olurlar. Hədəfimiz xarici tələbələrin sayını gələn il üçün daha 1000 nəfər artırmaqdır. Bu, asan tapşırıq və asan hədəf deyil. Elə universitetlərimiz var ki, onlarda müəyyən sayda əcnəbi tələbə oxuyur. 90-cı illərdə əcnəbi tələbələrin sayı məlum səbəblərə görə azalıb. Lakin indi yavaş-yavaş əvvəlki göstəricilərə qayıdırıq. Əcnəbi tələbələrin cəlbi həm gələcəkdə ölkəmizin təbliğatıdır, həm universitetlərimizin reytinq göstəricilərinə birbaşa təsir edir, həm də ali təhsil müəssisələrimizin daxilində beynəlxalq mühit yaranmasına  və ölkəmizə əlavə valyuta axınına  səbəb olur. Müəyyən mənada biz bu məsələni koordinasiya edirik, amma əsas fəaliyyət universitetlər tərəfindən aparılmalıdır və bütün dünyada da bu, belədir”.
Ü.Səttarovanın dediyi kimi, 1990-cı illərdə məlum siyasi-ictimai şəraitlə əlaqədar ölkəmizdə əcnəbi tələbələrin sayında əsaslı azalma baş verdi. Sovet dövründə isə Bakıda əcnəbi tələbələrin sayı, az qala yerli tələbələrin sayına bərabər idi. Xüsusən də o zamanlar Azərbaycan Neft və Kimya İnstitutu – “AZİ” (sonralar Neft Akademiyası, hazırda Azərbaycan Sənaye Universiteti) adlanan ali məktəbdə xeyli əcnəbi tələbə təhsil alırdı. Bu institutun qarşısından keçmək kifayət idi ki, qarabuğdayı və qara dərililərlə rastlaşasan. Bu tələbələr, əsasən Afrika qitəsindəki ərəb dövlətlərindən gəlirdi. Məlum məsələdir, o zaman SSRİ-nin ərəb dövlətləri ilə, Afrika xalqları ilə, Hindistan, Əfqanıstanla dostluq əlaqələri geniş idi və Sovet imperiyası bu ölkələrdən tələbələri təhsilə cəlb etməklə həm də kommunist ideyalarının yayılması məqsədi də güdürdü. Azərbaycan isə tarixən neft-qaz ölkəsi neft-qaz üzrə yüksək ixtisaslı kadrlara, müəllim heyətinə də malik olduğundan bu sahələr üzrə təhsil alacaq əcnəbi tələbələr daha çox Bakıya yönləndirilirdi. Həmçinin tibb ixtisası üzrə də Tibb Universitetində təhsil alan əcnəbi tələbələr çox idi. Amma SSRİ-nin süqutu ilə əcnəbi tələbələr də pərən-pərən düşdü. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə əcnəbi tələbələrə maraq bəlli səbəblərdən arxa plana keçib. Lakin son illərdə təhsil sahəsində nəzərəçarpan inkişaf əcnəbi tələbələrin sayını artırıb.          

 Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Statistika Komitəsinin məlumatında illər üzrə artım dəqiq görünür:

- Lakin 2022-23-cü tədris ilində ölkəmizdə 9 minə yaxın əcnəbi tələbə təhsil alırdı. Bu statistika niyə məlumatda əksini tapmayıb, təəccüblüdür. Əcnəbi tələbələrin sayının artması bəzi universitetlərdə təhsilin keyfiyyətinin yüksəldiyini göstərir. Əcnəbi tələbələrin üstünlük verdiyi tibb ixtisasıdır. Tibb Universitetində əcnəbi tələbələrin sayı çoxdur. Səbəb digər ölkələrdə tibb üzrə illik təhsil haqqının yüksək olmasıdır. Əcnəbi tələbələrin üstünlük verdiyi digər sahə neft-qaz ixtisaslarıdır. Bu tələbələr əsasən Afrika ölkələri və Pakistan, Rusiyadan ölkəmizə təhsil almağa gələnlərdir. İqtisadi ixtisaslara da üstünlük verilir. İqtisad Universitetində, Bakı Dövlət Universitetində əcnəbi tələbələr bu sahələr üzrə təhsil alır. Paralel olaraq  kənd təsərrüfatında bəzi ixtisaslar üzrə təhsil alan əcnəbilər də var. Təhsil haqqının əlverişli olmasıyla yanaşı, hesab edirəm ki, ölkəmizdəki yaşam xərcləri də bir qədər ucuz başa gəldiyi üçün burada təhsil almağa maraq göstərirlər. Yaşam şərtlərinin uyğunluğunu da nəzərə almalıyıq.