Ekspert: Hazırki vəziyyətdə 65 yaşda əmək müqaviləsinə xitam verilməlidir

"Çalışma yaş həddi əmək müqaviləsinə xitam verilməsi üçün əsas verir, lakin onların əksəriyyəti peşəkar müəllimlərdir". Jurnalistlər üçün keçirilən müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sessiyada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. Onun sözlərinə görə, bir çox hallarda 65 yaşdan yuxarı olan müəllimlər əmək müqaviləsinin uzadılması üçün müraciət edirlər:                   

"65 yaşdan yuxarı olan müəllimlər üçün sertifikasiya könüllü olduğu üçün qeyd edim ki, onlar əgər sertifikasiyada iştirak etməyəcəksə, əmək müqaviləsinin uzadılması tələbinə baxılmayacaq. Bu ayın sonunda keçiriləcək sertifikasiyada 60 yaşdan yuxarı 600 müəllim könüllü olaraq iştirak etmək üçün qeydiyyatdan keçib".

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, bir çoxu hələ də sertifikasiya imtahanlarının keçirilməsinin mahiyyətin anlamır:
"Nəticə etibarı ilə qarışıqlıq yaranır. Hər kəs anlamalıdır ki, sertifikasiya imtahanları ümumi təhsilin inkişafına təkan verən faktordur. Qeyd edim ki, valideyn və cəmiyyətin nümayəndəsi olaraq istəyimiz övladlarımıza təhsil müəssisəsində dərs deyən şəxslərin kifayyət qədər təcrübəli, perspektivli və müasir cağırışlara cavab verən mütəxəsis olmasıdır. Əgər bu parametrlərə cavab verməyən təhsil verən varsa, onun təhsil sektorunda saxlanılmasının nə mənası var? Biz onlar işsiz qalmasın deyə, hümanist davranacayıqsa, bu vaxt heç nədən xəbəri olmayan savadsız kadrların yetişməsinə şərait yaradacayıq. Hazırki vəziyyətdə 65 yaşda əmək müqaviləsinə xitam verilməlidir''.

Ekspert vurğulayıb ki, 65 yaşına çatmış müəllimlərin əksəriyyəti sertifikasiya imtahanında iştirak etmək istəmirlər, lakin əmək fəaliyyətlərini davam etdirmək üçün imkan yaradılmasını xahiş edirlər: 
"Sual yaranır, hansı əsasla həmin müəllimlərin dərs deməsinə icazə verək? Sertifikasiya imtahanında iştirak etməkdə maraqlı olan müəllimlər də az deyil. Təbii ki, 65 yaşlı müəllimlər sertifikasiya imtahanına qoşulmadığı təqdirdə onların əmək müqaviləsinə xitam verilməsi doğru qərardır. Bir sözlə, bizim üçün vacib olan nüans cəmiyyətimizin inkişafı, dövlətimizin tərəqqisi üçün müəllimlərin güclü biliyə sahib olmasıdır. Bununla onlar təhsil verənlərin bilik və bacarıqların formalaşmasında şəxsiyyət kimi cəmiyyətə çıxartmaqda cavabdehlik daşıyırlar".