Son illər müəllimlik peşəsinə yiyələnən gənclərin mərkəzi şəhərləri deyil,, xüsusən ucqar kənd məktəblərini seçməsi və bir çox çətinliyə rəğmən fədakarlıq göstərməsi təqdir ediləndir. İndi əksər gənclər paytaxtda işləməyə can atdığı halda əslən Lerikdən olan Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhriyar Bəhmənov Zaqatalanın ən ucqar Ələsgər kəndini seçib. Şəhriyar müəllim həftənin 4 günü Zaqatalanın mərkəzindən Ələsgər kəndinə dərs keçməyə gedir.
AZƏRTAC xəbər verir ki, Şəhriyar müəllim artıq iki ilə yaxındır Ələsgər kənd ümumi orta məktəbində dərs deyir. Şəhər mərkəzindən ucqar kəndə gəlmək üçün hər səhər saat 6-da evdən çıxır. Yol nə qədər uzun və üzücü olsa da, məktəbin həyətinə qədəm qoyan andan hər şey unudulur. Deyir ki, elə Lerikdə də uşaqlıqdan ucqar kənddə böyüyüb və bu əziyyətə öyrəşib. Ona görə də belə ucqar kənd seçib ki, orada yaşayan uşaqlara dərs desin, onları sabaha hazırlasın.
“Uşaqlıqdan öyrətməyə çox böyük həvəsim var. Bu peşəni də seçməyimdə əsas amil bu oldu”, - deyən gənc müəllim dərs dediyi məktəbdə şagird sayı az olduğuna görə uşaqlarla işləməyə daha çox vaxt ayıra bilir.
Məktəbin pedaqoji kollektivi dərslərarası fasilələrdə bir araya gəlir, fikir mübadiləsi aparır, təcrübələrini paylaşır.
Məktəb ucqar kənddə yerləşməsinə baxmayaraq, ölkənin müxtəlif rayonlarından burada dərs deyənlər olub və hazırda da var. Bu barədə məktəbin direktoru Rəfiqə Əliyeva məlumat verir. Deyir ki, məktəbin kollektivi 22 şagird və 12 müəllimdən ibarətdir. Azərbaycanın müxtəlif bölgələrindən gəlib burada işləyənlərin olduğunu bildirən direktor əlavə edir ki, illər əvvəl Sumqayıtdan, Samuxdan, Yardımlıdan, Balakən və Qaxdan dərs deyən müəllimlər olub və bu gün də həmkarları ilə dostluq əlaqələri saxlayırlar.
Yazımızın qəhrəmanı Şəhriyar müəllimlə məktəbin sinif otaqlarına baş çəkirik. Bildirir ki, uşaqların təhsilə marağı var. Sinifdə oğlanlar çoxluq təşkil etsə də, qızlar oğlanlara nisbətən daha fəal və oxumağa meyillidirlər. Məktəb 9 illik təhsil verdiyindən əksər şagirdlər təhsilini kolleclərdə davam etdirir.
Şəhriyar müəllimin bu peşəyə yiyələnən gənclərə də sözü var: “Əksər müəllimlər rahat olsun deyə şəhərlərdə işləməyi üstün tutur. Lakin mən düşünürəm ki, Azərbaycanın istənilən bölgəsi bizə doğma olmalıdır və ucqar ərazilərdə yaşayan övladların da yüksək səviyyədə təhsil almaq hüququ var. Mən buranı seçmişəm və heç də peşman deyiləm. Düzdür, çətinliklər var. Gənc müəllimlərə məsləhət görərdim ki, müqəddəs peşəyə başlayarkən belə yerləri seçsinlər. Onlar burada püxtələşəcək və daha yaxşı inkişaf edəcəklər”.
Həmsöhbətimiz dərsdən kənar vaxtlarında bədii və publisistik əsərlər yazdığını, əsərlərinin dövri mətbuatda mütəmadi çap olunduğunu xatırladır. Onu da öyrənirik ki, Şəhriyar müəllim qarşıdakı illərdə Qərbi Avropa və ya ABŞ-da kinematoqrafiya ixtisası üzrə təhsil almaq, hekayə və pyeslərini ssenariləşdirmək əzmindədir.
Əlbəttə ki, onun yaradıcılığında hazırda dərs dediyi ucqar Ələsgər kəndi, buranın mühiti və insanlarının da əks olunacağı şübhəsizdir.