Nöqsanların olması gözləniləndir
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.
Sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən müəllimlər iştirak ediblər.
Qeyd edək ki, proses iyunun 21-də, 22-də və 24-də baş tutacaq. Növbəti günlərdə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiyada iştirak edəcəklər. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir. Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.
Təhsil eksperti Elşən Qafarov “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 95 faizi, ibtidai sinif müəllimlərinin isə 85 faizi sertifikatlaşdırma prosesindən uğurla keçib:
“Fikrimcə, riyaziyyat müəllimlərinin nəticələri daha yüksək olacaq. Xarici dil müəllimlərinin nəticələrini isə gözləyək. Riyaziyyat və xarici dil müəllimləri üçün ilk dəfədir sertifikasiya imtahanı keçirilir. Müəyyən nöqsanların olması gözləniləndir. Növbəti imtahanlarda buraxılan səhvlərin analiz edilərək aradan qaldırılacağına ümid edirəm. Hesab edirəm ki, riyaziyyat müəllimlərinin imtahan nəticələri digər fənn müəllimlərinin nəticələrindən daha yaxşı olacaq. Xarici dil müəllimlərimizin peşəkarlığında isə çox ciddi problemlər var. Ona görə də bu fənn üzrə sertifikasiya imtahanında iştirak edən müəllimlər arasında ikinci mərhələyə qalanların sayı çox olacaq”.
E.Qafarovun sözlərinə görə, Azərbaycan və ədəbiyyat müəllimlərinin sertifikasiyası keçən il olub. Bu il iyunun 8-də isə keçən il sertifikasiyadan kəsilən, imtahanda iştirak etməyən müəllimlər üçün ikinci şans imtahanı olacaq.