Qəbul imtahanları ilə bağlı heç bir problem yoxdur.
Bunu qəbul imtahanlarının birinci mərhələsinin çətin olması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahanın çətinlik dərəcəsini kimlərinsə fikrinə görə söyləmək doğru yanaşma deyil:
"Nəticəni yalnız imtahanda iştirak edən bütün iştirakçıların nəticələri əsasında söyləmək olar. Statistikaya baxanda görürük ki, qəbul imtahanları ilə bağlı nəticələr necə gözləyirdiksə, elə də oldu".
O xatırladıb ki, qəbul imtahanlarının modeli tədris ilinin əvvəlindən DİM tərəfindən buraxılan jurnalda çap olunub:
"Maraqlanan hər kəs bu modellərlə imtahanda təqdim olunan modeli müqayisə edə bilər. Fevral ayında da sınaq imtahanı keçirilib və suallar da nəşr edilib, bunlar hər kəs üçün əlçatandır".