Tələbənin təhsil haqqına görə təhsildən uzaqlaşdırılması xoşagəlməz haldır
Ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb.
Bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.
Bildirilib ki, 2023-cü ildə ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Bunlardan 4551 nəfəri bakalavriat, 1267 nəfər magistratura, 1496 nəfər tam orta ixtisas bazası, 1317 nəfər isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, tələbələrin təhsil haqqına görə təhsildən uzaqlaşdırılması xoşagəlməz haldır:
“Bəlkə də o tələbələrin içində cəmiyyət üçün yararlı kadrlar yetişə bilərdi. Lakin universitet xaric edilmə tələbini qoyaraq tələbəni həmin bütün imkanlarından məhrum buraxır.
Fikrimcə, tələbə təhsil haqqına görə universitetdən xaric olmamalıdır. Xarici ölkələrdə təhsil göstəriciləri 60-70 faiz olanlar pulsuz təhsil ala bilər. Bunun üçün Prezident Təhsil Nazirliyi nəzdində Tələbə Kredit Fondu yaradıb. Mənə görə, universitetlər də təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı güzəşt etməlidir.
Bundan əlavə, təhsil haqları ən azı 50 faiz azaldılsa, həm əlçatan olar, bütün sosial təbəqədə olan insanlar təhsil ala bilər. İnsanların təhsil almaq hüququnu məhdudlaşdırmaq olmaz”.