Təhsilin keyfiyyəti ilə bağlı çox ciddi çağırışlar var. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, sertifikasiya təhsilin keyfiyyətinə təsir edən amillərdən biridir.
“Müəllimin fənn biliyi tədris üçün zəruridir amma tək bunla bitmir. Müəllim biliyi şagirdə ötürə bilmirsə, onun 51 bal yığmasının önəmi qalmır. Düşünürəm ki, köklü islahatlara ehtiyacımız var. Ölkədə xeyli sayda yaxşı riyaziyyatçı, fizik olmasına baxmayaraq tədqiqatlar ümumən yoxdur. Hələ də 70-ci illərdən qalan, sovet dövründə Azərbaycana göndərilən metodik vəsaitlərdən istifadə edilir”,- deyə o bildirib.
Məsələ ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, bu barədə cənab nazir təmamilə haqlıdır:
''Sertifikasiyadan keçən müəllimlər düşünür ki, 51 bal toplayım, əməkhaqqım artsın. Ancaq bu, həmin müəllimin savadlı və bütün fənn proqramını əla bildiyini göstərmir. Əgər müəllim 51 bal toplamasına baxmayaraq, bilik və bacarıqlarını şagirdlərə ötürməyi bacarmırsa, balın elə də böyük əhəmiyyəti qalmır. Burada yalnız əməkhaqqında müəyyən dəyişiklik olur. Təbii ki, bu dediklərimizi bütün 51 və 51-dən yüksək bal toplayanlara aid etmək olmaz. Əlavə olaraq qeyd edim ki, ölkədə elmi-tədqiqat işləri ürəkaçan səviyyədə deyil. İstərdik ki, bu istiqamətdə tədqiqatçı alimlərimiz olsun. Həmin alimlər də müvafiq olaraq, müasir tədris proqramlarında elmi metodik vəsaitlərin hazırlanmasında böyük töhvə versinlər. Biz hələ də köhnə, sovet dövründən qalan metodik vəsaitlərdən istifadə edirik. Fikrimcə, köklü islahatlara ehtiyac var. Birinci növbədə məhz, alimlərin yetişdirilməsi, tədqiqat işinin gücləndirilməsi və ali təhsil müəsisələrində konkret dərslərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı addımlar atılmalıdır''.
Ekspert vurğulayıb ki, gənc alimləri prossesə təşviq etmək üçün onlara dövlət tərəfindən maliyyə yardımı ayrılmalıdır:
''Çünki tədqiqat işlərinin daha uğurlu aparılması üçün buna gərək var. Təhsil sistemində şəffaf prosses yaratmalıyıq. Daha dəqiq proqramlar və layihələrin hazırlanması vacibdir ki, ali təhsil müəsisələrimiz yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, elmi tədqiqat işləri üzrə mütəxəsislərin hazırlanmasına dəstək verə bilsinlər. Orta məktəblərdə tədris edilən metodik vəsaitlər isə bir o qədər uğurlu deyil. Çalışmalıyıq ki, müasir dövrün strategiyasına uyğun dərs vəsaitləri hazırlayaq. Yalnız bu halda gələcək dövr ərzində uğurlara imza atmaq mümkün ola bilər".