Təhsilin bünövrəsi: 100 min uşaqdan 25 mini baxçaya gedə bilir -AÇIQLAMA

"Əsas vacib olan məqamlardan biri işğaldan azad olunan ərazilərdə məktəbəqədər təhsilin əlçatanlığını təmin etməkdir. Təhsil siyasətinin digər hədəfi isə icma əsaslı təhsilin miqyasının genişləndirilməsidir". 
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması" şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib. 
Nazir deyib ki, dövlət-özəl əməkdaşlığına əsaslanan model məktəbəqədər təhsil sahəsində artıq sentyabrdan pilot layihə olaraq başlayacaq:                                                                                                                                                 
 "Bu modeldə stimullaşdırıcı mexanizmləri istifadə etməyi planlaşdırırıq. Dövlət valideynə vauçer təqdim edəcək ki, o övladını özəl bağçaya göndərsin. Bu zaman dövlət infrastruktur baxımından qənaət edəcək, çünki bunu özəl sektor edəcək. Məktəbəqədər təhsilin hər bir uşaq üçün əlçatan olmasını təmin etmək olduqca mürəkkəb prosesdir".                
Nazir deyib ki, inklüziv təhsil modelinin dəyişməsi üçün müəyyən zaman lazımdır:                                 
"Çünki sovet dövründən bizə miras qalan inklüziv təhsil modeli deyil. Növbəti mərhələdə nazirlik olaraq bu sahədə yeni təkliflər hazırlamışıq". 
Nazir, həmçinin əlavə edib ki, əsaslı təmirə ehtiyacı olan məktəblərin sayı 33 faiz azalaraq 900-dən 600-ə düşüb:                                              
 "Əlçatanlıq baxımından bizim ciddi problemimiz yoxdur. Tədrisin keyfiyyəti ilə bağlı müəyyən ciddi çağırışlar etmişik".                                                                                                                            
Qərarı dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri  "Sherg.az"a açıqlamasında deyib ki, ölkədə hər 4 baxça yaşında uşağdan yalnız birinin məktəbəqədər təhsil müəsisələrinə gedə bilmək şansı var:     
                                                                                               
''Məsələn, təxminən 100 min uşaqdan 25 mini baxçaya gedə bilir. Təəssüf ki, digərləri təhsil almaq hüququndan məhrum qalır. Çünki Azərbaycanda baxça sayı həddindən artıq azdır. Regionlarda problem isə bundan iki qat artıqdır. Sanki, məktəbəqədər təhsil, baxça kultu heç olmayıb. Unutmamalıyıq ki, məktəbəqədər təhsil ümum təhsilin bünövrəsidir. Baxçaya formal yanaşma təhsilə vurulan böyük zərbədir. Ölkənin ən sıx əraziləri-Bakı, Abşeron, Sumqayıt əhali artır. Regionlardan paytaxta kütləvi köçlər yaranıb. İşsizlik və digər səbəblərdən kənd sakinləri şəhərdə məskunlaşırlar. Bu da məktəbə, baxçaya gedəcək uşaqların sayının artmasına səbəb olur. Say artdıqca bu istiqamətdə addımlar da atılmalıdır''.                       
Ekspert qeyd edib ki, Azərbaycanda cəmi 133 özəl baxça şəbəkəsi var:                                                            
"Bu rəqəm isə azlıq təşkil edir. Ona görə də özəl təhsil müəsisələrində dövlət hesabına oxumaq ictimaiyyət arasında maraqla qarşılanaraq müzakirə olundu. Bu çıxış yollarında biri sayıla bilər. Lakin fikrimcə, bu qərar o qədər də faydalı olmayacaq. Daha effektiv yöndə addımlar atıla bilərdi. Məsələn, özəl baxçaların aylıq təhsil haqqı yüksəkdir. Ona görə də valideynlər özəl baxçalara müraciət etmirlər. Həm dövlət baxçalarında yer yoxdur, həm də özəl baxçalarda qəbul olunmur. Bəs, valideynlər nə etməlidir? Özəl baxçaları quran sahibkarlara dövlət tərəfindən güzəştlər edilməlidir. Onların vergi, kommunal, internet xərcləri azaldılmalıdır ki, özəl baxçaların sayı artsın. Bir çox evlərdə analar uşaqlarını baxçaya qoya bilmirlər deyə, işlərindən olurlar. Problemin həlli üçün daha yaxşı qərarlar verilməlidir".