Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması
Həm təhsilli, savadlı, bilikli, həm də bacarıqlı kadrlar hazırlamaq vəzifəsi isə təhsil müəssisələrinin üzərinə düşür
Bakıda VII ADA 2024 - Beynəlxalq Təhsil Konfransı keçirilib. Konfransda təhsil sistemindəki mövcud problemlərdən çıxış yolları, gözlənilən yeniliklər, həyata keçiriləcək pilot layihələr haqqında məlumat verilib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransda çıxışı zamanı bir sıra problemlərin yaranma səbəblərinə toxunub. Əvvəllər məzmunla əlaqəli uyğunsuzluqların hər il müşahidə olunduğunu deyən M.Abbaszadənin sözlərinə görə, müəllim özü bilmədiyini auditoriyaya da öyrədə bilməz: "Kurikulum sisteminin tətbiqinin ilk nəticəsində müşahidə etdik ki, bu, tədris prosesində tam əhatə olunmayıb. Bunun da imtahan nəticəsinə təsiri məlum idi". M.Abbaszadə əlavə edib ki, 2013-cü ildə birinci sinfə gedən 100 faiz şagirddən 32.9 faizi 2023-cü ildə ali məktəblərə qəbul olub. İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür. Bu problemin aradan qaldırılması üçün müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir. Təbii ki, bu da elmə əsaslanmalıdır. M.Abbaszadə bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir: "Əvvəllər valideynin tədris aldığı proqramı onun övladı keçirdi. Amma indi elə deyil. Çünki məzmun dəyişib və belə də olmalıdır. Bu gün ortaya repetitorlar çıxıb. Bu, tək bizim ölkədə olan problem deyil. Misal olaraq, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür, o ki qalmışdı valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır". M.Abbaszadə 21-ci əsrin tələblərindən danışıb, qeyd edib ki, hazırda savadlı insandan müəyyən bacarıqlar tələb edilir. Məsələn, kommunikasiya, kollektivdə işləmək, müəyyən məsələləri həll etmək və s. kimi bacarıqlar hazırda savadlı insanlardan tələb edilir: “Dəyişiklikləri, innovasiyaları gələcəkdə təhsilə necə tətbiq edə bilərik? Ənənələr təhsil sistemimizdə sovet dövründə başlayıb. Təbii ki, yaxşı və xoşagəlməz ənənələr vardı. Həmin dövrdə valideyn özü məktəbdə hansı proqramla təhsil almışdısa, uşağı da eyni proqram və tədrislə təhsil alırdı. İndi elə deyil. Müəyyən uyğunsuzluqlar bu səbəbdən yaranır və bu, olmalı idi”, - deyə M. Abbaszadə bildirib.
Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev də qarşılaşdıqları problemlərdən, həmçinin yeniliklərdən danışıb. Nazir qeyd edib ki, tədris ilinin sonuna kimi bir sıra məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır. Bu, bir neçə məktəbdə pilot layihə kimi həyata keçiriləcək: "Sınaq uğurlu olsa, inkişaf üçün cəbhə yaranacaq. Bununla da, məktəb muxtariyyəti və müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin yaranacaq". Nazir imtahanlarda zəif göstəricilərin səbəblərinə də toxunub: “9-cu sinifdə şagirdin biliyini yoxlayıb, günahkar axtarırıq. Heç kəs problemin həllinə yönəlmir. İbtidai təhsillə bağlı ən böyük problem təhsilin keyfiyyətidir. Növbəti 3 ildə ibtidai təhsil sistemində 20 faiz müəllimi yeniləyəcəyik. Müəllim məktəbə aid olmalıdır. Sistem elə qurulub ki, müəllim gəlir dərsini keçir, gedir. Günah müəllimdə deyil. Heç onların oturmağa yeri olmur. Balaca bir müəllimlər otağıdır, gəlib jurnallarını götürüb gedirlər. Bunu düzəltmək bir az zaman alacaq”,- deyə nazir bildirib. Nazir qeyd edib ki, sertifikasiya təhsilin keyfiyyətinə təsir edən amillərdən biridir. “Müəllimin fənn biliyi tədris üçün zəruridir, amma tək bununla bitmir. Müəllim biliyi şagirdə ötürə bilmirsə, onun 51 bal yığmasının önəmi qalmır. Düşünürəm ki, köklü islahatlara ehtiyacımız var. Ölkədə xeyli sayda yaxşı riyaziyyatçı, fizik olmasına baxmayaraq, tədqiqatlar ümumən yoxdur. Hələ də 1970-ci illərdən qalan, sovet dövründə Azərbaycana göndərilən metodik vəsaitlərdən istifadə edilir”. E.Əmrullayev bildirib ki, dərslik kiminsə arzusunu reallaşdıracağı vəsait deyil. Kimsə öz şeirini dərslikdə görmək istəyir, kimsə bir hadisəni tarixi hesab edir, - bunları dərsliyə salmaq düzgün deyil. Məktəbəqədər təhsil müəssisələrindən söz açan nazir qeyd edib ki, bu müəssisələr uşaqların saxlanc yeri deyil: “Məktəbəqədər müəssisələrdə verilən təhsil yüksək səviyyədə olmalıdır. Anlamalıyıq ki, məktəbəqədər təhsil müəssisələri uşaqların, təkcə təhlükəsiz şəraitdə yeyib, yatdığı yer olmamalıdır. Burada təhsil də olmalıdır. Bu sahəyə ayrılan diqqətin və investisiyanın qoyuluşu müxtəlif aspektlərdə özünü göstərir”. Nazir çıxışı zamanı bildirib ki, hələ də təhsil siyasətinin nə olduğunu anlamayanlar var. İki şagird arasında olan münaqişə təhsil siyasətinə aid deyil. Təhsil siyasətinin nə olduğunu anlayıb, bu barədə müzakirələr aparılmalıdır. Məktəbəqədər təhsildə ilk prioritetimiz təhsilin əlçatanlığıdır. Bu istiqamətdə irəliyə doğru addım atmışıq. Əlavə 100.000 məktəbəqədər hazırlıq yerləri açılacaq. Bununla bağlı bir neçə modellər mövcuddur. İşğaldan azad edilən hər bir kənddə, ərazilərdə məktəbəqədər təhsil müəssisələri açılır və proses davam edəcək. Hazırda digər modellər üzərində də iş gedir. Sentyabr-oktyabr ayında pilot layihə başlayacaq.
Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, konfransda təhsil sektoru ilə bağlı ciddi problemlərə toxunulub:
- Təhsilin əlçatanlığını təmin etmək ən ümdə məsələlərdən biridir. Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərimizdə məktəbəqədər təhsil müəssisələri açılır. Nazir də bu barədə deyib. Tamamilə doğru olaraq vurğulanıb ki, məktəbəqədər təhsil müəssisələri həm də təhsil verməli, uşaqların ibtidai sinfə hazırlığını təmin etməlidir. Zamanın tələbi budur ki, ibtidai sinif şagirdi artıq müəyyən bacarıqlara yiyələnmiş olsun. Biz zamanın arxasınca getməli deyilik, zamanı qabaqlamağa çalışmalıyıq. Bu da müəllimlərdən, pedaqoji heyətdən, ümumilikdə təhsil sistemindən çox asılıdır. Əgər M.Abbaszadənin dediyi kimi, məzmunla əlaqəli uyğunsuzluqlar aradan qalxmalıdır. Müəllim özü tədris etdiyi fənni mənimsəməyibsə, onu şagirdə necə öyrədə bilər?!. Kurikulum sistemi tədris prosesində tam əhatə olunmayıb. Bu da imtahan nəticələrində özünü göstərir. İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür. Bu problemin aradan qaldırılması üçün müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir. Bəli, müasir dünyada gənc kadrlardan elmi biliklərdən əlavə yüksək bacarıqlar da tələb olunur. Bu bacarıqlar nədən ibarətdir, idarəetmə qabiliyyətinə malik olmaq, kollektivlə işləmək, ünsiyyət qurmaq, lazımi anda lazımi qərarlar vermək bacarığı, müasir texnologiyalardan istifadə və sair. Həm təhsilli, savadlı, bilikli, həm də bacarıqlı kadrlar hazırlamaq vəzifəsi isə təhsil müəssisələrinin üzərinə düşür.