Professor: “Qızlar Kollecinin yaradılması təklifini dəstəkləyirəm”

Qızların təhsildən yayındırılması qadağan edilməlidir

Həvva Məmmədova: “Mən həmişə bu fikirdə olmuşam ki, 25 yaşa qədər qızlarımız öz ayaqları üzərində durmağı bacarmalıdırlar”

“Belə olduqda qızlarımız ailə quran zaman ailəyə maddi dəstək ola bilir və daha firavan, mehriban ailəyə səbəb olurlar. Ailənin maddi yükü yalnız bir nəfərin üzərinə düşdükdə, çətinliklər qaçılmaz olur, ailənin dağılması, boşanma ehtimalları da artır”

  Millət vəkili Fazil Mustafa qızlar kolleclərinin açılmasını təklif edib. Təklifi bəziləri tərəfindən (bəlkə də bilərəkdən – M.R.) düzgün anlaşılmadığı üçün təkrar izah verməli olub və sosial şəbəkə hesabında bu fikirləri qeyd edib: "Mən dünyəvi təhsilin kompromissiz tərəfdarıyam, oğlanlarla qızların bir yerdə oxumasını da normal qəbul edirəm. Lakin eyni zamanda təhsildən bu və ya digər səbəbdən uzaq salınmış qız uşaqları üçün Xanım Qızlar Kolleclərinin açılmasını da alternativ variantlardan biri kimi təklif edirəm". Millət vəkili vurğulayır ki, ideyanın əsas hədəfi ölkəmizdə bu və ya digər səbəbdən orta təhsil almayan hansısa qız övladımızın qalmamasıdır. Həm də bütün hallarda dünyəvi təhsildən söhbət gedir. Bu qədər sadə. 
  Məlumdur ki, ölkəmizdə ilk Qızlar Məktəbi böyük messenat Hacı Zeynalabidin Tağıyevin təşəbbüsü və birbaşa maliyyə dəstəyi ilə açılıb. Bu mötəbər hadisə 1901-ci il oktyabrın 7-də baş verib. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bir neçə il davam edən səyləri nəticəsində Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başlayıb. “Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir”, deyən H.Z.Tağıyevin min-bir əziyyət bahasına açdırdığı qızlar məktəbi 20-ci əsr müsəlman Şərq təhsil tarixində çevrilişə səbəb olub. Bakıda qızlar məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə İmperator III Aleksandrdan icazə istəsə də, müsbət cavab almayıb. Çar II Nikolay taxta çıxanda Hacı yenidən buna cəhd edib. 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev çarın xanımı Aleksandra Fyodorovnanın adını daşıyan bir qız məktəbinin açılmasını xahiş edib. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alan H.Z.Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yerin seçilməsinə və inşasına diqqət yetirib. Tağıyevin səylərinə baxmayaraq, Rusiya imperator idarələrinin süründürməçiliyi ilə məsələnin həlli süni surətdə yubadılıb. Nəticədə məktəb binasının yerinin müəyyən edilməsinə və tikintisinə 4 il vaxt sərf olunub. Nəhayət, müsəlman qızlar məktəbi Bakıda "İsmailiyyə” binasının yanında tikilib (hazırda bu binada Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu yerləşir). Qızlar məktəbi həm də "Tağıyevin məktəbi" kimi tanınıb. Bu təhsil ocağı cəmiyyətdə böyük canlanma yaradıb. Məktəbin ilk müdiri milli mətbuatımızın banisi, görkəmli ziyalı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım olub. Məktəbin məzunları daha sonra Azərbaycan xalqının həyatında böyük rol oynayaraq, maarifçiliyə töhfə veriblər. Məktəbi bitirən Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan Liza Muxtarova, Züleyxa xanım Vəliyeva və onlarla qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edib, Cümhuriyyət fəallarından olublar. “Tağıyevin məktəbi” digər məktəblərin açılması üçün də stimul rolunu oynayıb. Bir neçə il sonra Bakıda artıq qız məktəblərinin sayı artıb. Nəticədə Qızlar məktəbi Müəllimlər seminariyası kimi fəaliyyət göstərməyə başlayıb. Məktəbin məzunları da burada dərs deməyə başlayıblar.  Artıq ilk illərdə qızların oxumasına, məktəbə getməsinə qarşı çıxan ailələr artıq buna normal yanaşmağa başlayıb, cəmiyyətdə qızların təhsilinə maraq artıb. 
  “Tarix təkrar olunur”, aforizmi əsassız deyil. Hazırda sanki 19-cu əsrə qayıtmışıq. Qızların təhsildən yayındırılması müşahidə olunur. Erkən nikah probleminin baş qaldırmasının əsas səbəblərindən biri, qızların təhsildən yayınması və ya yayındırılmasıdır.  Bəzi valideynlər qızlarının bəlli bir yaş həddindən sonra əks cinslə bir sinifdə, eyni sırada əyləşib təhsil almasına qarşı çıxır, müxtəlif  bəhanələr irəli sürürlər.  Cəmiyyətin, ümumiyyətlə, dünyamızın hazırkı durumuna  diqqətlə baxıldıqda valideynləri çox qınamaq  da olmur.  Cəmiyyətdə ölçülər, meyarlar deqradasiyaya uğrayıb. Təhlükə var. Lakin heç bir səbəb qızların təhsildən uzaqlaşdırılması üçün köklü səbəb sayıla bilməz.  Həm də ona görə ki təhsilli qızların mövcud durumla mübarizə imkanları daha artıq olacaq. Təhsildən yayınma isə daha ağır nəticələrə - qızların nikah yaşı çatmadan evliliyə məcbur edilməsi, həmçinin həyatın sərt burulğanlarında doğru yolu tapmaqda çətinlik çəkmələrinə gətirib çıxarır.   
Bu prizmadan yanaşdıqda qızlar kolleclərinin yaradılması bəzi validyenlərin bəhanələrinin aradan qaldırılmasına və qızların təhsildən yayınmasının qarşısını almağa xidmət edə bilərmi? 

  Azərbaycan Prezidenti yanında Dövlətçilik və İdarəetmə Akademiyasının professoru Həvva Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qızlar təhsilə məcburi cəlb edilməlidir: 
- Müxtəlif regionlardan gələn tələbələrlə şəxsən maraqlanıram, hansı bölgədən olduqlarını soruşuram və görürəm ki, cənub bölgəsindən tələbə qızlarımız çox azdır.  Başqa sahələrdə bəlkə də var, amma mənim tədris etdiyim siyasi elmlər sahəsində isə cənub bölgəsindən tələbə qızlar ümumiyyətlə yoxdur. Bu fikirdəyəm ki, qızların təhsildən yayındırılması qadağan edilməlidir. Düzdür, Elm və Təhsil Nazirliyi də, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu istiqamətdə çalışırlar, səy göstərirlə. Amma bu, kifayət deyil. Qızların təhsilə cəlb olunması, təhsildən yayınma halları ciddi araşdırılmalıdır, statistika aparılmalıdır ki, hansı bölgələrdə nə qədər yeniyetmə qız təhsildən uzaqlaşıb və hansı səbəblərdən. Bəzən ailələr maddi problemləri önə çəkir, övladlarının hamısına təhsil verə bilmədiklərini deyirlər. Bu bəhanələrin aradan qalxması üçün çalışmaq lazımdır. Güclü maarifləndirmə, təbliğat işləri aparılmalıdır. Həm məktəb rəhbərliyi ilə, həm də ailələrlə söhbətlər aparılmalı, qızların təhsil almalarının vacibliyi onlara başa salınmalıdır. Biz bu gün niyə erkən evlilik problemi ilə üz-üzə qalmışıq, çünki lazımi zamanda lazımi təbliğat və maarifləndirmə, nəzarət işləri aparılmayıb. Hamımız şahid oluruq, nikah yaşına çatmayan qızlar evləndirilir. Deməli, bu qızlar məktəbdən yayınıb, dərslərə gəlməyiblər. Deyək ki, valideyn cahildir, hansısa məqsədi var, övladını erkən evləndirməkdə. Bəs məktəb, məktəb rəhbərliyi, müəllimlər hara baxır? Niyə bu məsələni vaxtında araşdırıb qarşısını almağa səy göstərməyiblər? Bu məsələlər ciddi araşdırılmalıdır. 

  H.Məmmədova qeyd etdi ki, Qızlar Kollecinin yaradılması təklifini dəstəkləyir:
- Qızların savadlanmasına xidmət edəcək hər hansı təklif dəstəklənməlidir. Təhsilli xanım cəmiyyətin güzgüsüdür. Necə olur, 19-cu əsrdə Hacı Zeynalabidin Tağıyev Qızlar Məktəbi açıb qız balalarımızın təhsil almasına nail ola bilirdi, amma 21-ci əsrdə biz qızların təhsildən yayınması problemindən danışırıq. İrəli getmək əvəzinə, geri gedirik?!. Təhsilli ana, təhsilli övlad deməkdir, bu, birmənalıdır. Mən bununla heç də zamanında məktəb təhsili almamış xanımlarımızı, analarımızı aşağılamıram. Azərbaycan qadını fitrən gözəl anadır, qayğıkeş, mehriban valideyndir. Amma müasir zaman gənclərin təhsilli olmasını, cəmiyyətin böyük qisminin təhsilə yiyələnmiş olmasını tələb edir. Ona görə də mütləq ciddi araşdırmalar aparılmalı, hansı bölgələrdə təhsilli qızlar azdırsa, onlarla iş aparılmalı, ailələrin qəflət yuxusundan oyanması təmin edilməlidir. Mən həmişə bu fikirdə olmuşam ki, 25 yaşa qədər qızlarımız öz ayaqları üzərində durmağı bacarmalıdırlar. Belə olduqda qızlarımız ailə quran zaman ailəyə maddi dəstək ola bilir və daha firavan, mehriban ailəyə səbəb olurlar. Ailənin maddi yükü yalnız bir nəfərin üzərinə düşdükdə, çətinliklər qaçılmaz olur, ailənin dağılması, boşanma ehtimalları da artır. Qızlarımız ali təhsil almasalar da, mütləq hansısa peşəyə, sənətə yiyələnməlidirlər. Bu, onların həm özü üçün müsbətdir, həm də ümumi ailə üçün. Qızlar kolleci yaradılacağı təqdirdə orada təhsil alacaq qızlarımıza mütləq sənət, peşə də öyrədilməlidir.  Bu, onların gələcəyinin təminatı olardı.