Məktəbəhazırlıq qruplarına 22 442 uşaq qeydiyyatdan keçib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, avqustun 6-sı saat 09:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 22 442 uşaq elektron qeydiyyatdan keçib.
Valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-dan aktiv edilib.
Qeyd edilib ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.
Əlavə edilib ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.