Gözləntilər böyükdür
İlk il ümumilikdə yüz tələbə oxuyacaq
Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər.
Tədris ingilis dilində və Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq. Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.
Təhsil eksperti Kamran Əsədovun “Sherg.az"a açıqlamasına görə, Türkiyə-Azərbaycan Universitetinin cari tədris ilində fəaliyyətə başlaması ali təhsil müəssisələri arasında ciddi rəqabət yaradacaq:
“Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 187 min tələbə təhsil alır. Bildiyim qədəri ilə Türkiyə-Azərbaycan Universitetinin işçi heyətində kifayət qədər təcrübəli kadrlar cəmləşib.
Bir çox amili nəzərə aldıqda yeni fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universitetindən gözləntilər böyükdür. Bu gözləntiləri yaradan səbəb isə Türkiyə-Azərbaycan Universitetinin əməkdaşlıq etdiyi universitetlərin kifayət qədər nüfuzlu olmasıdır. Türkiyənin universitet təcrübəsi çox böyükdür. Türkiyə universitetləri dünyanın tanınmış universitetlərində yer alıb. O universitetlərdə çox böyük təcrübə, çox böyük laboratoriya sistemi, əlaqələr, kampuslar, eyni zamanda universitetlərdə keyfiyyətli təhsil mühiti formalaşdırılır. Yəni Türkiyənin inkişafında əsas amillərdən biri məhz qabaqcıl universitetlərin olmasıdır. Bu baxımdan həmin təcrübə düşünürəm ki, Azərbaycana da gətiriləcək və Türkiyə-Azərbaycan Universiteti çox qısa zaman kəsiyində, istər regionda, istərsə də dünya çapına çıxa biləcək bir universitet olacaq. Texniki ixtisaslar üzrə Türkiyənin nüfuzlu universitetlərinin təcrübəsinin Azərbaycana gətirilməsi çox önəmlidir”.
K.Əsədov qeyd edib ki, növbəti tədris ilindən etibarən Türkiyə-Azərbaycan Universitetində ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə ixtisaslar fəaliyyətə başlayacaq: “İlk il ümumilikdə yüz tələbənin qəbulu nəzərdə tutulub. Burada sevindirici hallardan biri odur ki, bəzi abituriyentlərimiz təəssüf ki, Türkiyəyə təki tələbə adını qazansınlar deyə gedirlər. Söhbət burada orta, aşağı ranqlı universitetlərdən gedir. Amma Türkiyə-Azərbaycan Universiteti həm Türkiyənin, həm də Azərbaycanın diplomunu verməklə yanaşı, həm də yüksək hazırlıqlı tələbələrin təhsilini həyata keçirəcək. Təsəvvür edin, texniki, texnoloji ixtisaslar üzrə cəmi yüz tələbənin qəbulu aparılacaq. Bu yüz tələbə öz qəbul göstəricilərinə görə digərlərindən fərqlənəcək. Burada əsas profil mühəndislik olacaq. Amma növbəti tədris ilindən etibarən kompüter elmləri, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisaslar da tədris olunacaq”.