Bu il birinci sinfə 130 mindən çox uşaq, məktəbə hazırlığa isə 90 mindən çox uşaq elektron qaydada qəbul olunub.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov APA-ya açıqlaması zamanı deyib.
O bildirib ki, bu il "Bilik Günü" eyni zamanda Şuşa, Xocalı şəhərlərində də qeyd olunur.
Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, təhsilin səviyyəsi kimdənsə irəlidə, kimdənsə geridə olmamızla ölçülməməlidir:
“Məktəb bir öyrənmə, inkişaf mühitidir. Əgər məktəb uşaqlar üçün sağlam, təhlükəsiz, xoş inkişaf mühiti yarada bilirsə, demək üzərinə düşən missiyanın vacib və əhəmiyyətli hissəsini formalaşdıra bilib. Müasir dövrdə uşaqlardan müxtəlif gözləntilər var. Əvvəla bu gün məktəbə qədəm qoyan hər bir şagird 10 -15 il sonra əmək bazarına çıxacaq. 1-ci sinif şagirdlərinin bu gündən etibarən öyrəndikləri 10-15 il sonra tələb olunacaq bilik, bacarığa hesablanmalıdır. Demək ki, hər bir dövrün tələb və ehtiyacları fərqlidir. Müasir dünyada uşaqlardan hansı bacarıqlar tələb oluna bilər? Bu bacarıqlara XXI əsr bacarıqları da deyirlər. İndiki uşaqlar tənqidi düşüncə və problemləri həll etmə, yaradıcılıq və innovasiya, əməkdaşlıq və komandada işləmə, kommunikativ bacarıqlar, rəqəmsal savadlılıq, zamanın idarə edilməsi kimi bacarıqlara sahib olması üçün inkişaf etdirilməlidir. Dövlətimizin uşaqlardan gələcək gözləntiləri onların işinin peşəkarı, vətənini, millətini sevən, dövləti üçün layiqli vətəndaş kimi formalaşmasıdır ”.