Qabardılan problemlərin detalların açıqlanması arzuolunandır -RƏY

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 8-də Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı bildirdi ki, ali təhsil müəssisələrində proqramların yenilənməsi daima gündəmə gəlir.
"Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişikliyə hazırıqsa, bunu edək".
Nazirin açıqlamasından bir daha aydın olur ki, bu gün ali məktəblərdə bəzi fənlərin keçirilməsi məqsədəuyğun deyil.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, Emin Əmrullayev tərəfindən mütəmadi olaraq təhsilin müxtəlif pillə, səviyyələri arasında problemlər səsləndirilir və bu problemlər öz növbəsində ciddi datalara söykənir:

''Nazirin etibarlı datalardan istifadəsi, faktların kəmiyyət, keyfiyyət göstəricilərinə xüsusi diqqət ayırması təqdirəlayiqdir. Bu dataların məhz, onun tərəfindən ictimailəşdirilməsi problemlərin həlli yolu kimi də dəyərləndirilə bilər. Lakin burada təəssüfləndirici bir məqam var. Təəssüf ki, bu datalar yalnız səsləndirilməklə qalır. Bununla bağlı hansı konkret və zəruri addımlar atılır? Tədbirlər görülürsə, nəticələr nə yerdədir? Həmin nəticələr ictimaiyyətə niyə açıqlanmır? Hər gün təhsillə bağlı yenilikləri izləyir, müsbət istiqamətdə görülən işləri, atılan addımları ürəkdən alqışlayırıq. Məsələn, ötən həftə SCOPUS elmi bazasında Azərbaycan alimlərinin göstəricilərinin yaxşılaşdırılması ilə bağlı informasiyalar cəmiyyətə açıqlandı. Bu məsələdə müsbət dəyişikliklərin şahidi olduq. Fikrimcə, qabardılan digər problemlərin detalların da açıqlanması arzuolunandır. Məsələn, nazir tərəfindən səsləndirilən "Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir'' fikri. Əgər dəyişikliyə hazırıqsa, bunu edək-qeydləri istiqamətində nəzəri olaraq, hansısa tədqiqat aparılıbmı,bunun problem tərəfi təhlil edilib və perspektivləri müəyyənləşdirilibmi? Həmçinin, müəyyən edildikdən sonra bunun həlli ilə bağlı tədbirlə planı, fəaliyyət proqramı açıqlanıbmı? Yalnız bütün bunlardan sonra cənab nazirin sözlərinin, səsləndirdiyi tənqidlərin sonrakı müsbət tərəflərini görə bilərik''.