Orta ixtisas təhsilinə yeni peşə əlavə olunur

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

Kolleclər tibb mütəxəssisi də hazırlayacaq

  Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecində respublikamızda ilk dəfə olaraq 2024/2025-ci tədris ilindən etibarən “Optometriya” ixtisası üzrə kadr hazırlığı aparılır. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu ixtisas üzrə kadr hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilən “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”ndakı dəyişikliklərə əsasən həyata keçirilir. Bu dəyişiklik  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarında əksini tapıb. Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda səhiyyə, rifah və xidmət ixtisasları qrupuna yeni ixtisas əlavə olunub. Həmin ixtisas optometriyadır. Optometriya, gözlərin və əlaqəli strukturların qüsur və ya anormallıqlar üçün müayinəsini əhatə edən ixtisaslaşmış bir sağlamlıq peşəsidir.  Optometristlər adətən hərtərəfli ilkin göz baxımı təmin edən səhiyyə mütəxəssisləridir. Onlar göz sahəsində ixtisaslaşmış, göz xəstəlikləri olan xəstələrin görmə keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan tibb işçiləridir. Optometrist peşəsi oftalmoloqla qarışdırılır. Halbuki ikisi çox fərqli peşələrdir. Optometristlər həm də xəstələrə kontakt linzaları və eynəkləri tövsiyə etmək və satmaq hüququ olan insanlardır. Optometristlər çox vaxt özəl praktikada işləməyə üstünlük verirlər. Optometristlərin əsas vəzifəsi görmə keyfiyyətini yaxşılaşdırmaqdır. Dəyişiklik qüvvəyə mindikdən sonra Səhiyyə Nazirliyinin təşəbbüsü ilə nazirliyin 1 nömrəli Bakı Tibb Kollecində müasir avadanlıqlarla təchiz olunmuş xüsusi otaq yaradılıb. Optometrist ixtisaslaşmış orta səviyyəli səhiyyə işçisi olmaqla yanaşı ilk tibbi yardım da göstərə bilər (məsələn, göz zədələndikdə, qum, həşərat kimi yad cisimlərin düşdüyü zaman və s.). Görmə orqanlarının ciddi göz patologiyaları aşkar edilərsə, optometrist xəstəni həkim-oftalmoloqa göndərir. "Qeyd etmək lazımdır ki, oftalmoloq görmə orqanlarının görmə xəstəliklərinin və patologiyalarının müalicəsi (o cümlədən cərrahiyyə) ilə məşğul olur. Optometrist isə yalnız korreksiya vasitələrindən istifadə edərək, refraktiv qüsurların aradan qaldırılması ilə məşğul ola bilər, yəni yaxından görmə və uzaqdan görmə olan xəstələr üçün eynək və ya kontakt linzaları seçə bilər",- qurumdan əlavə edilib.

  Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru,  təhsil eksperti Kamran Əsədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, hazırda kolleclərdə 50 min,  peşə təhsili müəssisələrində isə 45 minə yaxın tələbə təhsil alır: 
- Bu tədris müəssisələri kadr hazırlığı həyata keçirir. Əmək bazarının müxtəlif pillələrinə uyğun. İxtisaslara dəyişiklik edilməsi, yeni ixtisasların formalaşdırılması müasir dövrün tələblərinə uyğunlaşmaq məqsədi daşıyır. Müasir çağırışlar bunu tələb edir. Zamanla ayaqlaşmaq üçünsə ixtisaslarda mütəmadi dəyişikliklər edilir və edilməlidir. Bu, müsbət haldır. Ölkədə peşə təhsilinin inkişafına xidmət edən amildir. Biz çalışmalıyıq ki, peşə ixtisaslarına gənclər arasında maraq artsın. Orta ixtisas təhsili məktəbləri – kolleclər məzunların, gənclərin daha çox üz tutduğu tədris ocaqları ola bilər. Valideynlər adətən övladlarının ali məktəbə daxil olmasına çalışır, repetitor hazırlığına külli miqdarda vəsait xərcləyirlər. Amma düşünmürlər ki, övladı hər hansı bir peşəyə mükəmməl yiyələnərsə, daha yaxşı, daha rahat yaşayış əldə edər. İş axtarmaq kimi bir problemi olmaz. Amma peşələri də mükəmməl bilmək, mütəxəssis olmaq lazımdır. Hazırda elə xidmət sahələri var ki, orada insanlar çalışır, işləyirlər, amma o sahə üzrə heç orta səviyyədə də təhsilləri yoxdur. Bəzi apteklərdə əczacı ixtisasına yiyələnməmiş şəxslər çalışır. Bu, vətəndaşlara dərman preparatlarının təqdim edilməsi, tövsiyə verilməsində müəyyən problemlər yaradır. Müalicə masajı da belədir. Diletatn, masaj işindən xəbərsiz şəxslər özünü masajist kimi təqdim edir. Son zamanlarda “populyarlaşmış” bir sıra peşələr var ki, onlarla qeyri-peşəkarlar məşğuldur. Optik mağazalarda gözün müayinəsi aparılır, həm də elan edirlər ki, müayinə ödənişsizdir. İnsanlar da bilmir, məlumatsızdır, daxil olur mağazaya, ona böyüdücü şüşələr təqdim olunur, hansı ilə daha aydın görürsə, ona uyğun eynək hazırlayıb verirlər. Amma bu işin mütəxəssisi, sərf bu sahə üzrə ixtisaslaşmış kadr lazımdır. Sahəyə nabələd adamlar eynək təyin etməklə, insanların görməqabiliyyətini əksinə, daha da pisləşdirə bilərlər. Gözəllik salonları, masaj salonları, fitnes mərkəzləri, sağlamlıq mərkəzlərində bəlkə də, nə qədər qeyri-peşəkar çalışır. Bu sahələrə tələbat varsa, mütəxəssis hazırlığı da elmi-tibbi baxımdan aparılımalıdır. Baxırsan, hərənin başının üstündə bir neçə sertifikat asılıb. Bilinmir, bu sertifikatları kim, hansı müəssisə verib. Bu sahələr üzrə kadrlar peşə məktəblərində hazırlannmalıdır. Əmək bazarının tələbinə uyğun, bacarıqlar üzrə kadrlarımız olmalıdır. Akademik bilik və bacarıqların tələb olunduğu sahələr və ixtisaslar üzrə kadr hazırlığı ali təhsil müəssisələrində aparılmalıdır. Peşə hazırlığı isə kolleclərdə olmalıdır. Xüsusən də insanların səhhətinə təsir göstərə biləcək sahələr üzrə mütləq ixtisaslaşmış peşəkarlar çalışmalıdır. Son illərdə peşə təhsilində, orta ixtisas təhsili müəssisələrində inkişaf var, müəyyən irəliləyiş görünür. Lakin hələ də peşə məktəblərimiz ixtisaslı kadrlar hazırlanmmasında lazımi səviyyədə deyil. Texniki baza zəifdir. Orta ixtisas təhsili müəssisələrinin, peşə məktəblərinin keyfiyyəti artırılmalıdır.  Peşə məktəblərində ixtisaslar çoxdur, amma səhiyyə  sahəsi üzrə ixtisaslaşmayıblar. Peşə məktəbi daha çevik kadr hazırlayan müəssisə olmalıdır. Son dövrlər tibb ixtisaslarına ehtiyac artdığından optometriya ixtisası əlavə edilir. Lakin çalışmaq lazımdır ki, burada sadəcə ehtiyacların qarşılanması deyil, mütəxəssis hazırlığı ön planda olsun.  

  Tibb elmləri doktoru, professor Adil Qeybulla isə açıqlamasında bildirdi ki, dünyada təcili və təxirəsalınmaz yardım üzrə yarım illik,  1illik kurslar vasitəsilə kadrlar hazırlanır: 
- Həkiməqədərki təcili tibbi yardım, xilasedicilər adi kurslarda qısamüddətli təhsil almaqla müəyyən təcrübə qazanır və vərdişlərə yiyələnirlər. Həkiməqədərki yardım, xilasedici peşəsi konkret vərdişlər sayəsində əldə olunan bacarıqlardır. Bu cür ixtisaslara yiyələnmək üçün ali məktəbdə təhsil almağa ehtiyac yoxdur. Bəlli bir savada, biliyə, bacarığa sahib insan qısamüddətli təhsil almaqla, təlim keçməklə bəzi peşələrə yiyələnə bilər. Məsələn, əczaçı peşəsinə yiyələnmək üçün vacib deyil ki, mütləq ali təhsil alasan. Orta ixtisas təhsili müəssisələri də bu ixtisası tədris edə bilər və edirlər də. Elə peşələr var ki, orada ali təhsilə deyil, bacarıq və vərdişlərə yiyələnmək əsasdır. Yetər ki, bunları tədris edəcək mütəxəssis, təcrübə üçün hərtərəfli imkanlar olsun. Optometriya da ali təhsil tələb etməyən ixtisasdır. Onun orta ixtisas təhsili müəssisəsində tədrisi məncə, müsbət haldır.