Belə olan halda repetitorlara üz tutan abituriyentlərin də sayı azalar
“Məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır. Şagirdin fənləri öyrəndiyi yer məktəb olmalıdır, repetitor hazırlığı deyil”
“Bu gün təhsilin əsas ciddi problemi repetitorluqdur. Bu, biliyin mənimsənilməsinə deyil, əzbərçiliyə xidmət edir və təhsildə ciddi fəsadlar törədir. Repetitorluq təhsil sistemini böyük bir rüşvət və korrupsiya şəbəkəsinə çevirib. İllərdir ki, repetitorluğun ləğvi barədə danışılır, deyilir. Amma hələ də bir nəticə yoxdur. Repetitorluq məktəbdən fərqli olaraq vətəndaş yetişdirə bilməz. Çünki təhsil sistemi müxtəlif səviyyələrdə tədris olunan bütün fənlər, tədris proqramları üzərində qurulub. Repetitor yanında tarixi, riyaziyyatı öyrənmək olar, amma o şagirdin digər fənlərdən heç bir anlayışı olmur”. Bu fikirləri Bakupost.az -a açıqlamasında Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib.
Repetitorluq fəaliyyəti uzun illərdir ən çox müzakirə olunan məsələdir, lakin hələ də ortaq məxrəcə gəlinməyib. Ziyalılar, elm xadimləri, təhsil ekspertləri zaman-zaman fərqli fikirlər, fərqli rəylər səsləndirib və müzakirələr, qarşılıqlı ittihamlar hələ də davam edir. Kimisi ümumilikdə təhsil sahəsindəki çatışmazlıqları qabardır, kimisi də məsələyə subyektiv yanaşır. Vəziyyətin heç də yaxşı olmadığını hamı təsdiqləyir; əvvəllər əsasən buraxılış siniflərinin şagirdləri repetitor hazırlığına gedirdisə, son illərdə repetitorluq fəaliyyəti nəinki ibtidai siniflərdən, hətta məktəbəqədər hazırlıqdan başlayır. Bu gedişlə uşaq doğulan kimi valideynlər müəllim yanına hazırlığa aparmağa başlayacaq. Gedişat bunu göstərir. Çünki məktəbəqədər hazırlıq kurslarında da müəllimlər “uşaq yaxşı başa düşmür, məktəbədən sonra əlavə hazırlaşmalıdır”, deyir. Uşaq isə ona görə “yaxşı başa düşmür” ki, hələ 5 yaşındadır. 5 yaşlı uşağınsa öyrənmək deyil, oynamaq yaşı olduğunu elm deyir. İbtidai sinif proqramının az qala ali məktəb proqramı ilə eyni olduğunu deyənlər də var, amma kimdir onların sözünü ciddiyə alan?!. İbtidai sinif müəlliminin özü o proqramdan bir şey anlamır, şagirdə necə anlatsın? Evdə valideyn də bilmir və məcburiyyət qarşısında – müəllimin təkidi ilə övladını əlavə hazırlığa göndərir. Valideynin səhvi bundadır ki, uşağın bütün fənləri əla bilməsini istəyir. Razılaşmır ki, uşağın hansısa fənni yaxşı, əla, hansınısa zəif, hətta pis bilməsi təbii haldır. Bu reallığı qəbul edə bilmədiklərinə görə uşağı əlavə hazırlıqlarla yükləyir və hazırlıqlara külli miqdarda vəsait xərcləyirlər. Bir neçə il əvvəl valideynlər X-XI siniflərdə hazırlığa pul ödəyirdisə, son illərdə tam 11 il pul ödəyirlər. Nəticə isə heç də həmişə arzuedilən kimi olmur. Problem tədris proqramının ağırlığında, kurikulum adlanan proqramla hazırkı müəllim ordusunun ən azı 50 faizinin tanış olmamasında (müəllimlərin böyük əksəriyyəti sovet təhsil sisteminin yetirmələridir), məktəb binasının azlığı səbəbindən siniflərdə normadan artıq şagird sayının olmasında, müəllimlərin təbii olaraq əlavə qazanc mənbəyi axtarmasındadır. Müəllimə “sən niyə daha çox qazanmaq istəyirsən?” sualını vermək olar? Belə şəraitdə repetitorluq fəaliyyətinin qarşısını almaq mümkün görünmür. İş o yerə çatıb ki, elm və təhsil naziri Emin Əmrullayev də repetitorluğun qarşısının alınmasını deyil, onu tənzimləmək lazım olduğunu deyir. Və bunun üçün “dərsdənkənar məşğələlərin modeli düzgün tətbiq olunmalıdır”, söyləyir.
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, repetitor fəaliyyətinin bu şəkildə geniş vüsət alması, ilk növbədə, ali təhsil müəssisələrinə qəbul imtahanları şərtlərinin bir qədər çətin və fənn saylarının çox olmasından qaynaqlanır:
- Yəni minimal fənn sayı tətbiq etməklə ali təhsil müəssisələrinə qəbul həyata keçirilərsə, o zaman repetitorluq da bu formada geniş vüsət almaz. Məsələn, abituriyentlər 2 və 3-cü qruplarda 6-7 fənn üzrə imtahan verirlər. Əlbəttə, bu qədər fəndən imtahan verilməsi abituriyentlərin müvafiq olaraq həm pərakəndə vəziyyətdə olmalarına gətirib çıxarır, həm onların vaxt itkisi ilə nəticələnir, həm də ailələrinin maliyyə cəhətdən həddindən artıq yüklənməsinə səbəb olur. Çünki proqram ağır olduğu üçün şagird məcburdur ki, 6-7 fənnin hər birindən hazırlaşsın. Belə olan təqdirdə də şagirdlər ümumtəhsil məktəblərində verilən təhsilin keyfiyyətindən qane olmadıqları üçün valideynlər repetitorlara müraciət etmək məcburiyyətində qalırlar. Nəticədə də belə acınacaqlı durum formalaşır. Orta məktəblərdə tədrisin keyfiyyətinin aşağı olmasının başlıca səbəblərindən biri məktəblərdə sıxlığın olmasıdır. Bu gün Azərbaycanda 4440-dan çox tam və orta ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və 1 milyon 600 min nəfərdən çox şagird var. Hətta elə ərazilər var ki, orada sıxlıq daha çoxdur. Təsəvvür edin ki, bir sinifdə bəzən 45-50 şagird, bəzilərində 28, 30, 35 şagird oturur. Halbuki bir sinifdə minimum 20-22 şagird olmalıdır. Bu problem aradan qalxsın deyə, məktəb tikintisi daha geniş vüsət almalıdır. Yəni ölkədə təxminən 5500-ə yaxın məktəb fəaliyyət göstərməlidir. Daha sıx ərazilərdə məktəb tikintiləri həyata keçirilməlidir ki, bu problemin qarşısı alınsın, eyni zamanda məktəblərdə təhsilin keyfiyyət göstəriciləri artsın. Müəllimlər sinifdə şagird sayının çoxluğundan şikayətlənir, dərs müddətində bütün şagirdlərə eyni dərəcədə diqqət ayırmağın mümkün olmadığını deyirlər. Haqlıdırlar da. 45 dəqiqə ərzində müəllim şagirdlərin ev tapşırığını yoxlamalı, keçilmiş dərsi soruşmalı və yeni dərsi izah etməlidir. Sinifdə normadan artıq şagird varsa, əlbəttə, bu, mümkün olmayacaq. Repetitorlar da əlavə məşğələlərə həddindən artıq şagird toplayır. Bu da tədrisin - əlavə hazırlığın keyfiyyətinə mənfi təsir edir. Ona görə də hesab edirəm ki, bütün bunların qarşısını almaq məqsədilə ilk növbədə Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahan formatı dəyişilməlidir. Fənlərin sayı minimallaşdırılmalı, 2-3 fəndən imtahan götürülməlidir. Əgər 5-ci ixtisas qrupuna qəbul 3 fənn əsasında aparılırsa, yaxud da 9 və 11 illik bazadan kolleclərə qəbulu 3 fənn əsasında həyata keçirmək mümkündürsə, ali təhsil müəssisələrində də eyni prinsipi tətbiq etmək olar. Yəni ən əsas fənləri saxlamaqla qəbul həyata keçirmək mümkündür. Belə olan halda, repetitorlara üz tutan abituriyentlərin də sayı azalar. Məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır. Şagirdin fənləri öyrəndiyi yer məktəb olmalıdır, repetitor hazırlığı deyil.